Cahangir Hacıyevlə bağlı sensasion məlumat - Təftiş və plan

img

20-04-2015 [13:01]



Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin fəaliyyəti təftiş olunur. Bu səbəbdən onun "Bank Technique” və ya digər bir strukturun başına gətiriləcəyi xəbəri doğru deyil.

Bu sözləri Mia.az-a Cahangir Hacıyevin "Bank Technique”yə sədr gətiriləcəyi xəbərinə münasibət bildirən ABB-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib.  Onun sözlərinə görə, C.Hacıyevin həmin bankın başına gətiriləcəyi xəbəri indiki halda qeyri-mümkün görünür:

«Cahangir Hacıyev elə bir səhv buraxıb ki, bu səhvi onun sələfi, yəni ABB-nin özündən əvvəlki sədri, hazırda Rusiyada qaranlıq bizneslə məşğul olan Fuad Axundovun özü belə buraxmayıb. Mətbuatda bunun çox cüzi bir hissəsinə toxunulub. O, Mərkəzi Bankın 21 fevral qərarı ərəfəsində çox böyük məbləği ifadə edən manatı dollara dəyişdirib. Ozü də bunu öz yaxınları və şirkətləri üçün planlı təşkil eləyib. Bu və ya digər məqamları nəzərə aldıqda isə, onun yenidən hansısa bir bankın başına gətiriləcəyi inandırıcı deyil. Tam əksinə, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin nəzarətində olan şirkətlərin də «əl dəyişməsi» məsələsi üzərində ciddi işlər aparılır ki, bu da onunla bağlı planın daha ağır olacağından xəbər verir».

Müsahibimiz hazırda Cahangir Hacıyevin nəzarətində olan «Yeni Həyat» Şirkətlər Qrupuna daxil olan MMC-lərin sərəncamında olan daşınar və daşınmaz əmlakların da təftiş olunduğunu deyir: «İndi Cahangir Hacıyevin təkcə bankdakı keçmiş fəaliyyəti deyil, həm də biznesi təftiş olunur. Onun nəzarətində olan «Yeni Həyat» şirkətlər qrupuna daxil olan MMC-lərlə yanaşı, «AAAF Park», «Akkord» kimi şirkətlərlə hansı "şərtlər”lə əməkdaşlıq etdiyi də əsas araşdırma mövzusudur».

Məlumatlı şəxsin sözlərinə görə, həmin şirkətlərin Cahangir Hacıyevlə bağlılığının qoparılması istiqamətində də ciddi işlər aparılır: «Düşünürəm ki, Cahangir Hacıyev buna müqavimət göstərə bilməyəcək. Zatən, onun belə imkanı da yoxdur. Əks halda, onun barəsində cinayət işi açılaraq, həbsi də gündəmə gətiriləcək. Bütün bunlar isə onun yenidən "dirçəldilməsi”nin qeyri-mümkün olduğunu göstərir».

Cahangir Hacıyevin Londona köçməyə hazırlaşması haqda ötən həftə mətbuatda yayılanlara gəlincə, müsahibimiz «Bu, bir qəzetin fantaziyasıdır. Onun Londona köçməsi indiki vaxtda qətiyyən mümkün deyil. Sizcə, ölkədən çıxışına məhdudiyyət qoyulan, fəaliyyəti təftiş olunan bir şəxsin rahatlıqla əl-qolunu sallayaraq, xaricə köçməsinə imkan verərlərmi? Ona görə də belə xəyal məhsullarına inanmaq lazım deyil», - deyə, bildirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR