Rektor nazir müavini və xidmət rəisini çətin vəziyyətdə qoyub! - universitetdə rüşvət olayı

img

18-04-2015 [13:55]


 

Maliyyə Nazirliyindəki ən güclü qruplaşma ilə təhsil naziri Mikayıl Cabbarovun 1-ci müavini Ceyhun Bayramovun himayəsində olan Gəncə Dövlət Universitetinin rektorunun əməlləri mətbuatın gündəmindən düşmür. Səbəb isə çox sadədir. Çünki Yusif Yusifov bu univerisitetə yuxarıda adları qeyd edilən qrupun təqdimatı ilə rektor təyin edildikdən sonra vəziyyət mənfiyə doğru kəskin dəyişib. Artıq rektoru nə Ceyhun Bayramov, nə də Maliyyə Nazirliyindəki ən güclü qrup əvvəlkitək qoruya bilirlər. 

Bu sözləri «Reytinq»ə universitetin adının çəkilməsini istəməyən və daxili qruplaşmalarda iştirak etmədiyini bildirən müəllimlərdən biri deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan qardaşı Cavanşir Yusifovla təhsil nazirinin 1-ci müavini Ceyhun  Bayramovun (bu şəxsin qardaşı Azər Bayramov maliyyə nazirinin müavini və bu nazirlikdəki ən ciddi korrupsiya mexanizminin başında duran adamdır-redak.) vasitəsiylə rektor təyin olunduqdan sonra, Yusif Yusifov keçmiş rəhbərliyin qurduğu sistemi  tamamı ilə dəyişib:


 

«Xatırladım ki, keçmiş rektor universitetin qapılarını taybatay tələbələrin üzünə açmışdı. Lakin onun şəffaf sistemi həmin zaman prorektor olan Yusif Yusifov və onun 5-10 nəfərdən ibarət tərəfdarını qane etmirdi. Bu səbəbdən o, xidmət rəisi olan qardaşının əlaqələrinə və nazir müavini Ceyhun Bayramova arxayın olaraq, rektora qarşı açıq kampaniya və müqavimət təşkil etdi. Hətta sabiq rektoru elə vəziyyətə saldılar ki, onun universitetə girməsinə belə imkan verilmədi. Nəticədə onun istefasına nail olundu. Yusif Yusifovun rektor gələn kimi isə universitet bazara çevrildi».

Müsahibimiz deyir ki, bu  günlərdə xəbər portallarında universitetdə tələbələrin «aylığa» buraxılması haqqında yazılanlar da, deyilənlərə aydınlıq gətirə bilər: 

«Yazıblar ki, pul qarşılığında tələbələr dərslərdən yayındırılır. Hər ayın və ilin isə oz qiyməti var. Məsələn, yüksək pul müqabilində dekan İldırım Qasımovun "xeyr-duası  ilə” bir il dərslərdən "azad olunan” tələbələr var. Belə ki, fakültənin «texnologiya müəllimliyi» ixtisasının 4-cü kurs tələbələri Aysel Səfərova, Gülnaz Məmmədova, «təsviri-incəsənət müəllimliyi» ixtisasının 4-cü kurs tələbəsi Səbinə  Musayevanın sentyabr ayından dərslərdə iştirak etmədiyini, testlə keçirilən imtahanlarda isə onlar kompüterin düymələrini necə gəldi basmaqla yüksək qiymətlər aldıqları artıq ictimailəşib.  O da bildirilir ki, fakültənin 300-ə yaxın tələbəsi hal-hazırda Gəncə şəhərinin müxtəlif orta məktəblərində may ayının sonunadək pedaqoji təcrübədədirlər. Təsviri-incəsənət müəllimliyi ixtisasının 3-cü kurs tələbələri olan Raya Yusifova, Rüfanə Şabanova, Maral Quliyeva və Fidan Hüseynli pedaqoji təcrübədə görən metodist müəllimlərə  dekan İldırım Qasımov "yüksək muştuluq" vəd edib. Adları çəkilən bu tələbələri sentyabr ayından 1500 manat müqabilində «illiy»ə buraxıblar. Ən maraqlısı buddur ki, bu məbləğə  iki imtahan sessiyasının pullarının daxil edilməməsi də iddia olunur. Bu fakt göstərir ki, Yusif Yusifov bu təhsil ocağını necə bazara çevirib. Təbii ki, belə rüsvayçı halların ictimailəşməsi onun himayədarlarını da çətin vəziyyətdə qoyur. Çünki hər hansı bir xoşagəlməz hallara görə yeni rektora təminat verənlər də məsuliyyət daşıyır, onlar danlanır, yuxarılar da etibarları zədələnir.  Son aylar isə bu narahatlıq daha yüksək səviyyəyə çatıb. Artıq rektora tapşırıq verilib ki,  universitetdəki biabırçı hallarla bağlı vəziyyət aradan qaldırılsın. Əks halda vəzifəsini itirə bilər». 

Mənbə deyir ki, artıq yeni rektorun əleyhdarları onun qısa zamanda əldə etdiyi sərvətləri də araşdırmağa başlayıblar:

«Bəli, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə "Gülüstan qəsəbəsi” yaxınlığında kirayədə yaşayırdı. Rektor təyin olunduqdan sonra, o, qısa bir müddət ərzində Gəncənin "Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev aldı. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli "Leksus” avtomobilinə sahib ola bilib. Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Digər maraqlı bir fakt isə Yusif Yusibovun mobil telefonu haqqındadır. O, çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Ötən ilin avqust ayında isə Yusif Yusibovun "kolleksiyası”na Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub. Bütün bu faktları onun əleyhdarları araşdırıb, şikayət formasında yuxarı dairələrə yazıblar. Əlbəttə, bunlar nəticəsiz qalmır. hər belə şikayətlər Yusif Yusifov onun arxayın olduğu qardaşı Cavanşir Yusifovla Ceyhun Bayramovun özlərini «silkələyir». Proses bu şəkildə davam edərsə, o zaman rektorun yaxın müddətdə vəzifəsini itirəcəyi, himayədarlarının isə daha gərgin durumla üzləşəcəyi qaçılmaz olacaq».

Yazıda adı hallanan şəxslərdən mövqe öyrənmək mümkün olmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR