Azərbaycanın dərman bazarı ilə bağlı tükürpədici faktlar-ARAŞDIRMA

img

30-03-2015 [23:49]


Azərbaycanın dərman bazarında anarxik vəziyyətin yarandığı artıq təsdiqlənməkdədir. Əgər bir müddət əvvələ kimi ayrı-ayrı mətbu orqanlarında dərmanların keyfiyyətsiz və saxta olduğu iddia edilirdisə, artıq vəziyyətin daha kritik həddə çatdığı göz önündədir.

"Reytinq"in məlumatına görə, dərmanların keyfiyyətsiz və saxta olması televiziya kanallarında da müzakirə olunmağa başlayıb. Bir neçə gün öncə Dəmiryol Xəstəxanasının Kərimov soyadlı şöbə müdiri canlı yayımlanan verilişə telefon açaraq, ölkəyə gətirilən dərmanların tərkibi ilə bağlı şok detallar açıqlayıb.

Həkim bildirib ki, Avropada olduğu dövrdə bir sıra dərman istehsal edən şirkətlərdə apardığı araşdırma zamanı tükürpədici faktlar ortaya çıxarıb. Şöbə müdirinin sözlərinə görə, Azərbaycana gətirilən dərman preparatlarının tərkibi standartlara cavab vermir. Daha doğrusu, Azərbaycandan olan sifarişçilər xarici istehsalçıdan dərmanların qiymətinin ucuz olması üçün tərkibində "yüngülləşmə” olmasını tələb edirlər. 

Maraqlıdır, əgər ölkəyə bu qədər saxta və ya keyfiyyətiz dərmanlar gətirilirsə, o zaman bu sahəyə cavabdeh olan Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi və digər qurumlar işlə məşğuldur?

Zaman-zaman bu kimi məsələlər gündəmə gələndə Səhiyyə Naziriliyinin nümayəndələri vaxtaşırı yoxlamaların aparıldığı, saxta dərmanların aşkarlanaraq satışdan çıxarıldığını, hətta saxta dərman satan aprektlərin də cəzalandırıldığını bildirirlər. Amma məsələ ondadır ki, ölkənin dərman bazarında saxta və keyfiyyətsiz dərmanların həcmi 50 faizi ötür. Bu isə o deməkdir, ölkəyə dəman gətirən əsas idxalçılar bu cür məhsulların gətirilməsində qərarlı və hədsiz maraqlıdırlar. 

Onu da nəzərə çatdıraq ki, hazırda Azərbaycanın dərman bazarına liderlik edən bir neçə şirkət var və onların yüksək çinli məmurlara bağlı olduğu söylənilir. Əgər həmin firmalar saxta dərmanları rahat şəkildə ölkəyə gətirib, dövriyyəyə buraxırlarsa, deməli, Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi onların qanunsuz əməllərinə göz yumur, ya da nazirliyinin sözügedən qurumu bu cür qanunsuzluqlara qarşı mübarizə aparmaqda acizdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu və ya digər məqamlarla bağlı "Reytinq"ə deyib ki, dərmanların təsirsizliyi ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 3-4 şikayət daxil olur. Onun sözlərinə görə, bu faktın özü göstərir ki, hazırda apteklərdə satışa çıxarılan dərmanların böyük əksəriyyəti keyfiyyətsiz və saxtadır:

«2007-ci ildə Ümumdünya Gömrük Təşkilatının Azərbaycanda bu məsələylə bağlı konfransı keçirildi. 26 dövlətin gömrük generallarının iştirak etdiyi həmin tədbirdə mən də iştirak edirdim. Saxta və keyfiyyətsiz dərmanların qarşısının necə alınmasını müzakirə etdik. Məlum oldu ki, dünyada 30-60 faiz arasında saxta dərman dövriyyəsi var. Həmin dərmanların qutuları eyni olur, amma tərkibindəki molekullar, mikroqramların həcmi həddindən artıq az olur, içlikdə isə fərqli rəqəmlər yazılır. Bu səbəbdən də gömrük orqanları saxta və keyfiyyətsiz dərmanların ölkəyə hansı yolla gəldiyini müəyyənləşdirə bilmir.

Biz böyük dərman istehsalçısı olan Fayzer şirkətinin Vaşinqtondakı ofisində görüş keçirdik. Həmin firma da təsdiqlədi ki, dünyada saxta və keyfiyyətsiz dərman dövriyyəsinin həcmi 30-60 faiz civarındadır. Bir il sonra Hindistanda dərman forumunda iştirak etdim. Burada məlum oldu ki, dərman xammalının 90 faizini Hindistan versə də, həmin ölkədə keyfiyyəti aşağı olan dərmanların buraxılışı qeyri-qanuni deyil. Orada əsas dərmanın təhlükəsizliyi önə çəkilir, yəni, dərmanın tərkibindəki molekulların azaldılması qanuniləşib. Təbii ki, Hindistanın keyfiyyəti dərmanları da var və bunlar Avropaya ixrac olunur. Azərbaycanda isə vəziyyət olduqca kritikdir. Düzdür, müəyyən işlər görülür, amma problemlər hələ də qalmaqdadır».

E.Hüseynov deyir ki, Səhiyyə Nazirliyinin müvafiq orqanları ölkəyə gətirilən dərmanların keyfiyyətini yoxlamaq, tərkibindəki elementlərin həcmini müəyyənləşdirmək üçün yüksək səviyyəli ekspertiza apara bilmirlər. Onun sözlərinə görə, dərmanlarda olan elementlərin ekspertizasını aparmaq üçün yüksək ixtisaslı mütəxəssislər və müasir laboratoriyalar lazımdır, amma bu sahədə ciddi çatışmazlıqlarımız var:

«Doğrudur, saxta dərman məsələsi dünya səviyyəli problemdir. Təəssüf ki, Azərbaycanda vəziyyət pisdir. Bizə daxil olan şikayətlər arasında təsirsiz, hətta əks effekt verən dərmanların olması narahatedici səviyyədədir. Yəni, bu gün dərman bazarı həddindən artıq "zibillənmiş” vəziyyətdədir. Bir müddət öncə holoqramlar tətbiq olundu. Lakin sonra məlum oldu kimi, holoqramlar dərmanları saxtalıqdan xilas etmir. Bizə üz tutan şikayətçilər onu da bildirirlər ki, aptek işçilərinin özlərində müxtəlif cür holoqram var və onları istədikləri dərman qutusuna yapışdırırlar.

Hesab edirəm ki, Azərbaycanın dərman bazarını saxta və keyfiyyətsiz dərmanlardan təmizləmək üçün ciddi addımlar atılmalıdır, detallı yoxlamalar aparmaq üçün yüksək ixtisaslı laboratoriya yaradılmalıdır».

Həkim-ekspert Həsrət Rüstəmov bizimlə söhbətində nəzərə çatdırıb ki, bu mövzu təkcə bizim ölkəmiz üçün deyil, dünya üçün çox aktual bir mövzudur. Onun qənaətincə, saxta dərmanlar bəzi məlumatlara görə, dünya dərman bazarının 30- 40%-ni təşkil edir:

«Dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirdən sonra ikinci yerdə məhz saxta dərman tacirlərinin gəlirləri durur. Ona görə bunları xatırlatdım ki, bu mövzu ciddi və düşündürücü olduğu qədər, ümumbəşəri və müəyyən bir tarixə malikdir. Azərbaycana gəldikdə isə, şəffaflığın olmadığı, iqtisadi azadlığın zəif olduğu, süni iqtisadi monopoliya və korrupsiya şəraitinin mövcudluğu, ictimai nəzarətin zəif olduğu bir ölkənin saxta dərman tacirlərinin diqqətində olması heç də təəccüblü deyil. Bəli, bu barədə məlumatları mən də tez tez eşidirəm, gündəlik praktik fəaliyyətimdə belə hallara rast gəlirəm. İnsanlar həkim təyinatı ilə qəbul etdikləri dərmanların fayda vermədiklərindən şikayətlənirlər. İstisna deyil ki, xüsusilə qiyməti baha başa gələn dərman preparatlarının saxtaları ölkəyə gətirilsin və realizə olunsun. 

Hazırda bu sahəyə nəzarət edən səhiyyə nazirliyinin müvafiq qurumu ölkəyə gətirilən bütün dərmanlara deyil, yalnız onların nümunələrini kimyəvi analizdən keçirir. Bu isə təbii ki, kifayət deyil. Bir sözlə, problem kifayət qədər ciddi və aktualdır. Bu sahədə ciddi, panika və hay-küydən uzaq müzakirələrə ehtiyac vardır».

Ekspert onu da qeyd edib ki, saxta dərman dedikdə, əsasən tərkibində olması lazım olan dərman maddəsinin standartda göstərilən miqdarda olmaması və ya ümumiyyətlə, olmaması başa düşülməlidir. Onun fikrincə, bu halda dərman ya effektsiz və az effektli olur, ya da "placebo effekti” deyilən hal baş verir, yəni dərman təyinindən baş verən psixoloji müsbət effekt alınır:

«Digər daha təhlükəli hadisə dərmanın istifadə müddətinin bitməsinə baxmayaraq dəyişdirilməsi, onun istifadəyə yararlı kimi satışa çıxarılmasıdır. Bu halda xəstənin həyatı bahasına başa gələ bilən fəsad meydana çıxa bilər. Təbii xəstəliyi sağaltmaq üçün dərman maddəsinin optimal dozalandırılması vacibdir».

AXCP sədrinin müavini, biologiya elmlər doktoru Nurəddin Məmmədli dərman bazarındakı vəziyyətin kritik olduğunu bildirib. Onun sözlərinə, Azərbaycanda bu praktikadan hazırkı hakimiyyətin mövcud olduğu bütün dövrlərdə istifadə olunub: «Dərmanlarla bağlı indiyə qədər də vəziyyət acınacaqlı olub. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə, satışa çıxarılan istənilən dərman preparatı ən azı 10-12 təmizlik testindən keçirilməlidir».

Müsahibimiz qeyd edib ki, Azərbaycanda satılan dərmanların əksəriyyəti yarımfabrikat, təmizlənməmiş məhsullardır.

N.Məmmədli hesab edir ki, elə bu səbəbdən də normal ölkələrdəki qiymətlərdən qat-qat ucuz qiymətə satılırlar: 

«Təbii ki, Avropada baha olan məhsul Azərbaycanda "ucuzlaşa" bilməz.

Yeri gəlmişkən deyim ki, bu saxtakarlıq Azərbaycan bazarında satılan digər mallarda da müşahidə olunan reallıqdır. Rüşvətxorluq, korrupsiya və monopolizm bu sahədə dövlət nəzarətini tamamilə sıradan çıxarıb. Çünki, gətirən də, satdıran da, nəzarət etməli olanlar da, eyni adamlardır».

Azərbaycan Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də dərmanların keyfiyyətinin aşağı olması, saxta dərmanların satışa çıxarılmasının narahatedici fakt olduğunu deyir. Onun sözlərinə görə, bu cür məlumatlar ara-sıra eşidilir, amma bunun qarşısının alınması üçün ciddi tədbirlərin görüldüyü müşahidə edilmir:

«Həqiqətən də ölkədə dövriyyədə olan preparatların qeyri-effektliyi barədə məlumatlar dolaşmaqdadır. Xüsusən bu cür məlumatlar kənarda müalicə alan pasientlər tərəfindən tez-tez səsləndirilir. Belə ki, xroniki xəstələr eyni tərkibli preparatın xarici analoqu ilə üzləşən zaman effektiv təsiri duyur və bu da Azərbaycandakı dərmanlarla bağlı bəlli qənaəti formalaşdırır.

Mən özüm də bir neçə preparatın müxtəlif istehsalçı nüsxələri arasındakı fərqi söyləyə bilərəm. Anti-kampaniya olmasın deyə, üzləşdiyim faktları söyləmək istəmirəm. İndi bu praktikanın təşəkkül tapma texnologiyasına diqqət yetirək. Əlbəttə ki, belə saxtakarlıq faktları dərman idxalçılarının mənəvi-etik problemləri ilə sahənin idarəçilik qüsurlarının çuğlaşmasından irəli gələn müşküldür. İdxalçılar unudurlar ki, dərman idxalatı digər idxalat sahələrindən fərqli sahədir.

Yeri gəlmişkən, hamını eyni siyahıya salmaq düzgün deyildir. İnanmıram ki, bütün import iştirakçıları belə əyri işlərlə məşğul olsunlar, lakin əminəm ki, dərman idxalatında da nadürüst fərdlərin olması mümkündür».

Müsahibimiz bu cür addımların aptılmasının səbəblərinə də toxunub. O qeyd edib ki, dərman preparatlarının tərkibi 2 qrup maddələrdən ibarətdir: təsiredən və kütlə formalaşdırmaq üçünin deferent maddələr.

Onun sözlərinə görə, preparatların qiymətini formalaşdıran ünsür də məhz birinci qrup maddələrdir. Çünki kapital tutumlu laborator proseslərdən başlamış mürəkkəb texnoloji istehsala qədər sintez işləri ilk növbədə birinci qrup maddələr üzərində həyata keçirilir:

«Bu baxımdan istənilən preparatda - formasından asılı olmayaraq - maya  salınması üçün belə inqredientlərin miqdarının azaldılması proseduru həyata keçirilə bilər. Son mənzildə, yəni parakəndə dərman satışı şəbəkələrində formalaşmış qiymətlərdən xeyli fərqli, yəni ucuz əmtəəyə sahiblənmiş cinayətkar işbazlar daha çox mənfəət əldə etmək məqsədi güdürlər. Lakin standartlardan fərqli dərmanların xəstəyə çatdırılması yolunda mövcud maneələr, yəni gömrük orqanları, Baş Analitik laboratoriya, Səhiyyə Nazirliyinin müvafiq qurumları normal fəaliyyət göstərsələr, eyni zamanda, bu sahədə mövcud cinayət qanunvericiliyi sərtləşdirilərsə, həkim və provizorlar arasında müvafiq təbliğat aparılsa və ən vacibi, əhalinin ictimai nəzarətinə şərait yaradılsa, adıçəkilən sahədə irəliləyişə nail olmaq mümkündür. Fikrimcə, dərman dövriyyəsində bütövlükdə vəziyyəti normallaşdırmaq üçün bu sahənin bugünkü statusuna dəyişiklik edilməlidir».

İctimai Tədqiqatlar Mərkəzinin sədri, müstəqil araşdırmaçı İlqar Altay isə deyib ki, Azərbaycana gətirilən dərman preparatlarının tərkibinin standartlara cavab verməməsi iddiasının arxasında real həqiqət də dayana bilər. Onun fikrincə, bu iddiaları aydınlaşdırmaq dərman preparatlarının analizi və ekspertizası üzrə konkret dövlət qurumunun öhdəsinə düşür:

«Bu məsələ çox ciddidir. Söhbət minlərlə, yüzminlərlə vətəndaşın sağlamlığının təhlükəyə atılmasından gedir. Dərman preparatı dəqiq dozada hazırlanmalıdır. Dərmanın kimyəvi tərkibi, oradakı komponentlərin nisbəti insan orqanizminə müsbət təsir üçün hesablanıb. Bu dozaya müdaxilə olunması, artıq preparatın insan orqanizmi üçün zəhərə dönməsi deməkdir. Bununla insanlar dərman adı ilə pataloji mənfi təsirə malik yad maddə qəbul etməli olur. Onların orqanizmində müxtəlif arzuedilməz patofizioloji proseslər baş verir. Dərman üzərində vicdansız mənfəət qurmaq istəyən işbazlar bunu bilməlidirlər».

Ekspert onu da vurğulayıb ki, bu məsələyə dövlət tərəfindən ciddi nəzarət olunmalıdır:

«İnsanların sağlamlığı, bir ölkənin genefondunu təhdid edən bu problemə ciddi yanaşmaq lazımdır. Günahkarlar ciddi cəzalandırılmalıdırlar. Çox təəssüf ki, inək əti əvəzində camış və ya at əti satanlara həbs cəzaları verilir, amma dərman preparatının tərkibini pula görə dəyişib, faktiki zəhərə çevirən möhtəkirlər nəzarətdən kənarda qala bilirlər...».


Digər xəbərlər
SON XƏBƏRLƏR