Manatla bağlı təhlükəli anons verildi - Ekspert danışdı (Müsahibə, Video)

img

25-03-2015 [11:18]


Vaşinqtonda səfərdə olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə manatın dəyər itirməsinin sadə insanların həyatına təsiri, manatın gələcəyi, etibarlılığı və ona təsir edən amillərdən danışıb. O, istənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırdığını bildirib. Qubad İbadoğlu ilə müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Qubad bəy, artıq manatın 34 faiz dəyər itirməsindən bir ay keçir. Bu, bir aylıq vaxt kəsiyini necə dəyərləndirərdiniz? Bunun sadə insanlara nə kimi təsiri oldu?

Qubad İbadoğlu: Manatın ucuzlaşması sadə insanların həyatına ikili təsir göstərdi. Elə insanlar var ki, onların dollarla depozitləri var idi və onlar bu prosesdən əmanətlərinə ən azı olan depozitlərin 30-35 faizi həcmində əlavə dəyər gətirdilər. İkinci təsir isə mənfi təsirdi. Bu təsir sıravi Azərbaycan vətəndaşlarının çoxunun həyatında hiss olundu. Mənfi təsirin özünü də iki yerə bölə bilərik: birbaşa təsir və dolayı təsir. Birbaşa təsir ondan ibarətdir ki, banklarda manatla əmanət yerləşdirən vətəndaşlar manatın ucuzlaşmasından itirdilər. Çünki onların vəsaitləri bir gün içərisində 34 faiz dəyərsizləşdi. Amma elə vətəndaşlar da var ki, onların depozitləri yoxdur, qazanclarını gündəlik dolanışıqlarına sərf edirlər. Onların həyatına isə dolayı təsir oldu. Nəyi nəzərdə tuturam? Bilirsiniz ki, istehlak malları bazarında kifayət qədər idxal malları var və bu malların qiyməti əsasən dollarla Azərbaycan manatının məzənnəsindən asılıdır. Təbii ki, Azərbaycan manatı ucuzlaşdığına görə, nəticədə idxal malları da Azərbaycan bazarında bahalaşmağa məhkum idi. İstehlak bazarında xüsusilə də ərzaq mallarının bahalaşması müşahidə olundu. Hökumət nə qədər çalışsa da ki, süni qiymət artımı ilə bunun qarşısını alsın, buna nail ola bilmədi. Qiymət artımı baş verdi və bu da sıravi vətəndaşların ailə büdcəsinin xərclərini artırdı və bundan sonra onların qazanclarının böyük bir hissəsi əsasən ərzağa xərclənəcək.

Amerikanın Səsi: Bəs manatla bağlı gözlənti nədən ibarətdir?

Qubad İbadoğlu: Hər şey neftin dünya  bazar qiymətindən, Azərbaycana daxil olan valyutanın səviyyəsindən asılıdır. 2010-cu illə müqayisədə Azərbaycanda neft hasilatı 20 faiz aşağı düşüb. Digər tərəfdən də qiymətlərin dünya bazarında ucuzlaşması son nəticədə Azərbaycanın valyuta gəlirlərini kəskin şəkildə azalmasını şərtləndirib. Əgər neftin dünya bazar qiymətləri indiki səviyyədə və ya ondan aşağı olarsa, o halda manatın hətta ikinci devalvasiyası da mümkündür. Manatın gerçək dəyəri ilə dolların faktiki dəyəri arasında hələ böyük fərq var. Bunu yəqin ki Azərbaycan Mərkəzi Bankı müəyyən dövr üçün intervensiya etməklə saxlamalıdır. Ancaq ola bilər ki, bir müddətdən sonra yenə də belə bir devalvasiya ilə qarşılaşaq. İstənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırıram.

Amerikanın Səsi: Dövriyyəyə buraxılandan bəri manat indiyədək etibarlılığını saxlamışdı, amma artıq birdən-birə 34 faiz dəyər itirdi. Bu, istehlakçı etibarına necə təsir göstərdi və bundan sonra istehlakçılar manata nə dərəcədə etibar edə biləcəklər.

Qubad İbadoğlu: Artıq son dövrlərin statistikası göstərir ki, manat əmanətlərin həcmi azalır, digər əmanətlərin həcmi isə artır. Eyni zamanda vətəndaşlar çalışırlar ki, yalnız bankda deyil, həm də özlərinin şəxsi yığımlarını dollarla saxlasınlar. Çünki manata etibar həqiqətən də azalıb. Ümumiyyətlə banklarımıza etibarlılıq səviyyəsi aşağı düşüb. Hesab edirəm ki, manatın devalvasiyasını indi yox, bundan xeyli əvvəl həyata keçirə bilərdik. O zaman ki, Azərbaycanın valyuta gəlirləri çox idi, Rusiyadan psixoloji təsir gəlmirdi, Azərbaycan istehlakçıları buna hazır idi, o zaman yumşaq və tədrici devalvasiyanı həyata keçirmək olardı. Yəni proses Azərbaycan hökuməti tərəfindən hazırlıqsız başlanıldı və bununla bağlı hökumətin görəcəyi tədbirləri devalvasiyadan əvvəl həyata keçirmədilər. Ona görə devalvasiyanın manatın etibarlılığına təsiri daha çox oldu.

Müsahibəni tam izləmək üçün videoya baxa bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR