Azərbaycanda 68 ədliyyə işçisi məsuliyyətə cəlb edilib

img

06-03-2015 [14:14]


Vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib.

Modern.az saytının verdiyi xəbərə görə, bu barədə ombudsman Elmira Süleymanova Milli Məclisdə 2014-cü il üzrə illik hesabatını təqdim edərkən bildirib. O qeyd edib ki, onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, eləcə də 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət və 2-nə irad tutulub: "Ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların incidilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərməklə yanaşı, vətəndaşların konstitusiya ilə müəyyən edilən hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozur. Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb. Bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnib”.

Ombudsman qeyd edib ki, alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub: "Alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud ödənişin yubadılması üzrə şikayətlər daha çox olub”.

Sənəddə qeyd olunub ki, boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq "Aliment Fondu”nun yaradılması zəruridir. Həmçinin müvəqqəti saxlama yerlərində (MSY) intizam qaydalarını pozduğuna görə 77 polis əməkdaşı cəzalandırılıb. Onlardan 8 nəfəri daxili işlər orqanlarından çıxarılıb, 2-si isə tutduğu vəzifəsindən azad edilib. 67 nəfər barəsində digər intizam tədbirləri görülüb. 2014-cü il ərzində müvəqqəti saxlama yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1030, şəxslərin təkidi və müraciəti əsasında isə 250-dək saxlanılan şəxslərlə görüş keçirilib. MSY-də nöqsanlara yol verdiyinə görə Nizami rayon və Sumqayıt şəhər Polis İdarələrinin MYS-lərinin rəisləri, Sumqayıt şəhər Pİ-nin 1-ci və 3-cü polis bölməsinin, Sabunçu rayon 14-cü polis bölməsinin, Kürdəmir və Samux rayon polis şöbələrinin məsul şəxslərinə xəbərdarlıq edilərək töhmət verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR