Elgizin “Adam içində“ verilişi bağlanacaq

img

05-03-2015 [19:53]


Elgiz Əkbərin aparıcılıq etdiyi "Adam içində" verilişinin ərtafında müzakirələr davam edir. Mütəxəsislər bu verilişlə bağlı öz narazılıqlarını bildirir, müzakirə olunan məsələlərin qeyri-etik və səviyyəsiz olduğunu qeyd edirlər.

Onların sözlərinə görə, adıçəkilən verilişə çağırılan ekspertlər də müzakirəyə çıxarılan mövzunun mütəxəsisi olmadıqlarından çox zaman doğru məsləhət və tövsiyə verə bilmirlər, hətta təhqiramiz ifadələrdən də istifadə etməkdən çəkinmirlər.

Bu səbəbdən də bu veriliş barəsində haqlı narazılıqlar yaranır, həm peşəkarlıq, həm də teleradio haqqında qanunvericilik baxımından, ciddi problemlər ortaya çıxır.

Bu məsələ ilə bağlı musavat.com-a danışan MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov da sözügedən verilişlə bağlı öz iradlarını bildirib. 

Onun sözlərinə görə, verilişin bağlanılması artıq qaçılmazdır: "Bir tamaşaçı kimi, mən də o verilişə dəfələrlə baxmışam. Verilişin tərtibatçıları psixoloji problemləri olan, xaraktercə zəif, ailə münaqişələri ilə üzləşən insanların saflığı üzərində şou qurub, reytinq qazanmağa çalışırlar. Bunu açıq aydın görmək olur. Canlı efirdə milli-mənəvi dəyərlərimiz çox zaman gözlənilmir, tez-tez təhqiramiz ifadələr işlədirlir, qonaq qismində gələn iştirakçılar bəzən efirdə olduqlarını unudurlar. Şəxsən mən bu cür halları xoş qarşılamıram və qəbul etmirəm.

Televiziya haqqında olan qanunvericilikdə bildirilir ki, hər hansı bir verilişdə təhqiramiz ifadələr işlədilərsə, o veriliş bağlana və yaxud da verilişi təşkil edənlərə ciddi töhmət verilə bilər. Hətta bu cür töhmətin birbaşa televiziya rəhbərliyinə ünvanlanması da mümkündür.

MTRŞ-nin televiziyaların daxili işlərinə qarışmaq hüququ yoxdur. Lakin efirdə təhqiramiz ifadələr işlədilərsə, onun bağlanılması qaçılmazdır. Bu baxımdan, "Adam içində” verilişinin dayandırlması ehtimalı var. Bu barədə artıq Milli Televiziya və Radio Şurasında müzakirələr aparılır”.

Nemət Cavadov ANS telekanalının rəhbərliyini də bu işdə günahlandırıb: "Cəmiyyət arasında artıq bu verilişə qarşı xeyli iradlar və tənqidlər var. Bunun qarşısının alınması təkcə MTRŞ-in vəzifəsinə aid deyil, telekanal rəhbərliyi də bu barədə fikirləşməlidir. Aciz insanların üzərində reytinq qazanılmasını dayandırmaq, eyni zamanda telekanal rəhbərliyinin də vicdanına düşən bir işdir”.

Qeyd edək ki, bu günlərdə MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov da sosial şəbəkədə verilişlə bağlı öz narazılığını bölüşüb. Onun sözlərinə görə, ANS-in "Adam içində” verilişi artıq "qırmızı xətt”i keçmək üzrədir: "Veriliş cəmiyyətdə harada anormal hal varsa, onu müzakirəyə çıxarır. 

Məsələn, dünən - 03 mart tarixində ərin arvadına xəyanəti, ona işgəncə verməsi, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparıldı. 24-25 fevral tarixində isə zorlama faktı üzərində müzakirə açılmışdı.

Sual oluna bilər ki, hansısa əxlaqsızın, tərbiyəsizin həyat tərzi, işdəkləri cəmiyyətin nəyinə lazımdır? Ümumiyyətlə, bu verilişin məqsədi nədir? Əgər məqsəd belə halların aradan qaldırılmasına dəstəkdirsə, buna nail olunacağı inandırıcı deyil. Çünki belə hallar həmişə olub və olacaq. Əksinə, efir vasitəsilə ictimailəşdirdikdə bu, eybəcərliklərin adiləşməsinə və bir növ təbliğinə rəvac verə bilər. Başqa sözlə, antireklam da reklamdır…
Verilişdə hətta bəzən ekspertlər tərəfindən təhqirlərə də yol verilir. Məsələn, 02 fevral tarixində ekspert Kübra Əliyeva (aktrisa) problemi müzakirəyə çıxarılmış qadını belə aşağılamışdı: "Bilirsən, səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib, uşaq doğmusan… Sən qələt eləyib, evli kişi ilə yatmısan”.

Bu hallar "Adam içində” verilişinin əslində, müsbət missiyasına xələl gətirir. Belə ki, verilişdə sosial problemləri olan insanlara dəstək istiqamətində müəyyən işlər görülür. Xüsusilə də, həftənin cümə günləri veriliş tamamilə vətəndaşaların işlə təmin olunmasına həsr olunur. Bu, orijinal layihədir. Di gəl ki, müzakirəyə çıxarılan bir sıra neqativ mövzular bu müsbət işlərin də üzərinə kölgə salmaqdadır”.
Xatırladaq ki, "Adam içində" verilişində dəfələrlə qalmaqallar yaşanır, canlı yayımda təhqiramiz ifadələr işlədilir, bəzən ekspert qismində qatılan işitrakçılar verilişə müraciət edən şəxslərin psixoloji olaraq, üzərinə gələrək, onları ağır şəkildə təhqir də edirlər. Verilişdə tez-tez iştirakçıların qovulmalarının da şahidi oluruq.

Elə bu yaxınlarda Elgiz Əkbər müğənni Şəbnəm Tapdıqla yüksək tonla danışdığından canlı yayımda xoşagəlməz anlar yaşanmışdı. Müğənni isə buna görə bərk əsəbləşərək, öz narazılığını bildirmişdi.
Adıçəkilən verilişin aparıcı heyəti ilə əlaqə yaratmağa çalışsaq da, suallarımızı cavablandıran olmadı.


Digər xəbərlər
SON XƏBƏRLƏR