Dollarla kredit verilməsində cinayət tərkibi var?! - Ekspertlər

img

05-03-2015 [12:11]


Mərkəzi Bankın 21 fevral tarixində manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra ən böyük təşviş kredit götürənlər arasında yaranıb. Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi indi bir sual maraqlandırır: kreditimi hansı kursla qaytarmalıyam? 

Çünki birdən-birə dolların kursu manata nisbətdə 35% bahalaşıb. Bu, təxminən o deməkdir ki, 30%-lə götürdüyünüz krediti 65%-lə qaytarmalı olursunuz. Elə qərar qüvvəyə mindiyi gündən etibarən iqtisadçılar, hüquqşünaslar bununla bağlı fikirlərini sosial şəbəkədə bölüşürlər. 

Hüquqşünas Hüseyn Qasımov qanuna əsaslanaraq bildirir ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa, ya da valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Mərkəzi Bankın mövqeyi isə belədir ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Real olaraq dolların manata qarşı məzənnəsinə görə kredit borcunuzu qaytarmalısınız.

Bəllidir ki, qanunlara nəzarəti Konstitusiya Məhkəməsi həyata keçirir. Bu məsələdə fərqli fikirlər yaranır və hər bir tərəf şərhləri özünə xeyir edən tərzdə yozmaq istəyir. Ancaq bir məsələ də var ki, Azərbaycanın ən ali qanunvericilik aktı Konstitusiyadır. 

Maraqlıdır ki, ali qnunvericilik aktında qeyd edilir ki, Azərbaycan dövləti ərazisində yeganə ödəniş vasitəsi manatdır. Biz ölkə ərazisində bu müddəaya əməl olunduğunu görmüşük. Hansısa ticarət obyektində dolların qəbul edilməsinə böyük cərimələr nəzərdə tutulurdu. Onda sual yaranır: banklar hansı qanunvericiliyə əsaslanıb Azərbaycan vətəndaşlarına kreditləri manatla deyil, dollarla veriblər və bu, Azərbaycan qanunvericiliyinə uyğundurmu?

Hüquqşünas Vamiq Şükürov  açıqlamasında bildirdi ki, incəliyinə varanda banklar bu amili nəzərə alıb: "Bəli, onların sənədləşməni dollarla aparmağa ixtiyarı yoxdur. Banklar, eyni zamanda, bu gün yaranan risqləri də nəzərə alıb. Yəni məzənnə dollarla götürülə bilər. Siz dediyiniz kimi olsa, bu, hüquqi məsuliyyət yarada bilər. Gəlin detallara varaq. Kimsə bankdan 5000 dollar kredit götürübsə, ona pul kassadan kursa uyğun manatla verilib. Qaytaranda da elə olub. Bütün kassa əməliyyatları manatla aparılıb. Yəni dollar ifadəsi yalnız kurs üçün qüvvədə olub. Azərbaycanda fəaliyyət göstərən heç bir bank vətəndaşa dollar ekvivalentində götürdüyü krediti ABŞ valyutası ilə verməyib. Bunu edən bank, şübhəsiz ki, qanunsuzluğa yol verib".
 
Məhəmmədəli QƏRİBLİ,
Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR