Azərbaycanda kredit borcunu ödəməyənləri həbs gözləyir

img

03-03-2015 [23:13]


Ölkədə vətəndaşların və hüquqi şəxslərin banklara olan kredit borcu 20 milyard manatı əhatə edir. Bu məbləğ təxminən 2.5 milyon nəfər arasında bölüşdürülüb. Ekspertlərin fikrincə, problemli kreditlərlə bağlı durum manatın devalvasiyasından sonra bir qədər də qəlizləşəcək. Çünki manatın dəyərsizləşməsi əhali arasında sosial, maliyyə problemlərini bir qədər də dərinləşdirib. Bəs banklara zamanında kreditləri ödəməyən vətəndaşlarımızı hansı məsuliyyət gözləyir?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əgər vətəndaş kreditin ödənişini dayandırarsa və ya gecikdirərsə, bank həmin şəxslərlə bağlı məhkəməyə müraciət edəcək. Məhkəmə müraciətlə bağlı qətnamə çıxardıqdan sonra isə, qərar icraya yönələcək: "Qanunun tələbinə görə, məhkəmə icraçıları məhkəmənin qərarını aldıqdan sonra kreditləri könüllü ödəmələri üçün müştərilərə on gün müddətində vaxt verəcəklər. Əgər bu müddət ərzində kredit yenidən ödənilməzsə, iki ay ərzində icra tədbirləri görülməlidir. Bu müddətdə də kreditlər ödənilməzsə, o zaman bu şəxslərin Inzibati Xətalar Məcəlləsinin 313.1 maddəsi ilə məsuliyyətə cəlb olunması ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Bu şəxslər inzibati məsuliyyətə cəlb olunduqdan sonra da krediti ödəməsələr, o zaman toplanmış materiallar Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işi başlanması üçün Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə göndərilməlidir. Daha sonra həmin şəxslərlə bağlı cinayət işi başlanmalıdır”.

M.Baxışov bildirdi ki, əgər fiziki və hüquqi şəxslər qəsdən qərəzli şəkildə kreditlərin ödənilməsindən boyun qaçırarlarsa, onlar 306.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı və iş məhkəməyə verilməlidir. "Məhkəmə bu maddə ilə krediti ödəməyən şəxsləri üç ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edə bilər. Amma kreditin şərtlərindən də çox şey asılıdır. Əgər vətəndaş daşınmaz əmlakla bağlı ipoteka krediti və ya avtomobil götürübsə, məhkəmə qətnamə çıxararkən kreditin həmin daşınmaz və digər əmlak vasitəsilə ödənilməsi barədə qərar verə bilər”, deyə M.Baxışov vurğuladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR