Elmar Vəliyev Gəncəyə dair hesabat verdi

img

03-03-2015 [17:00]


Bu gün Gəncə şəhər İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə geniş söhbət açılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilən yığıncaqda tədbir iştirakçıları şəhərin sosial-iqtisadi və mədəni inkişafında əldə olunan nailiyyətləri əks etdirən sənədli filmi izləyiblər.

2014-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır.

"Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin olub. Gəncə şəhər ictimaiyyəti  hələ də ölkə prezidenti cənab İlham Əliyevin il ərzində 3 tarixi səfərinin, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfərlərinin xoş təəssüratları içərisində yaşayırlar. Ölkə başçısının hər səfərində olduğu kimi, bu səfərləri çərçivəsində də mühüm sosial–iqtisadi və  mədəni obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilib, hesabat dövrü ərzində dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilib”.

2014-cü ildə Gəncədə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi  sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,9 faiz artıb.

Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

Yığıncaqda Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, xalq artisti Məmmədəli Balayev, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları Gəncəyə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə prezident   İlham Əliyevə, hər zaman gəncəlilərə kömək və dəstək olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bəyan ediblər.

Tədbirdə yığıncağın qərar layihəsi qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub