Milli Papamız - Mirşahin

img

03-03-2015 [16:33]


Bu, hamıya bəllidir ki, sivil ölkələrdə ümummilli problem yarananda iqtidar-müxalifət anlayışı yoxa çıxır. Bu üzdən, hamı bir araya gəlib, problemlərin çözülməsi üçün çalışırlar. Və yaxud, hansısa bir dini lider çıxır düzgün yolu insanlara göstərir. Buna misal olaraq, Roma Papasını göstərmək olar. O, mühüm bir məsələyə münasibət bildirərkən öz eyvanına çıxıb xalqa önəmli məsləhətlər verir. Bununla da ona inananlar nə edəcəklərini bilirlər.Amma əfsuslar olsun ki, biz hələ bunu nə görə, nə yaşaya bilirik. Həsrət qalmışıq həzarat.

Dayan, dayan! Xilaskarlarımız olmasa da, "yolgöstərənlərimiz" həddindən artıq çoxdur. Kimə baxırsan siyasi jarqonlarlarla efirləri bəzəyir. Və özlərini əsl siyasətçi və uzaqgörən kimi göstərib, aləmə car çəkirlər. Ancaq problemlərimizə isə heç cür əncam çəkə bilmirlər.

Bu üzdəndir ki, manatın bir gecədə dəyərini dollara nisbətən 34% itirməsi, ömründə dollar ilə manatın məzənnə fərqini bilməyən xalqımızı "iqtisadçı-ekspert" etdi. Başı çıxan da, çıxmayan da məsələyə ağız dolusu rəy bildirdi. Yazıq, avam və danışmaqla hirsini soyudan "iqtisadçı-ekspertlərimizin" (qara-camaat) çıxarışları bir yana, deputat Zahid Orucun fikri bu yana. Xalqı Milli Məclisdə təmsil edən başbilənimiz deyir ki, "bu addım rifahımızın yaxşılaşdırılması üçün atılan bir addımdır."

Ay Zahid qağa, həmkarın Fazil Mustafa demişkən, indiyənədək bir iqtisadi məsələyə münasibət bildirmədən və bu işdə elə də təcrübəli olmadan, bu cür həssas məsələrə çıxışları nə səbəbə edirsən? Bu qərarın bizə hansı xeyiri olacaq onu bilmirəm, amma onu bilirəm ki, səndən əvvəl iqtidarın saray ekspertləri bizi onsuz da rahatladılar ki, hər şey "ok" olacaq. Narahat olma, biz də çarəsizlikdən səbr edirik, görək həncəri olacaq?

Çox gözlədik, amma bu ərəfələrdə başbilənlərimizdən bir xəbər çıxmadı. Elə gözlədiyimiz "ağ atlı" oğlan da imdadımıza yetmədi.



Dedim bəlkə "Öz Aramızda" (Zaur), "Adam İçində" (Elgiz) səsimiz hesabına yuxarılarda oturanlardan fərqli olaraq, xalqa yanıb, problemlərimizə əncam verərlər. Gördüm yox, onlarlıq da deyil. Birdən ağlıma "milli papamız"- Mir Şahin düşdü. O, dəfələrlə Roma Papası kimi çətin anlarımızda bizə öz eyvanından ("Hesabat" verlişi) çıxıb yol göstərib.

Amma əfsuslar olsun ki, bu dəfə ondan gözlədiklərimizi ala bilmədik. Daha doğrusu, özü bizə bildirdi ki, nədi, dövlət yol çəkəndə yaxşıdır, amma manat devalivasiya olanda pis? Ay jurnalistlər, sizə ev veriləndə "Like" edirsiz, "bir az" əziyyət çəkəndə məsələni şişirdirsiniz?

Bilirəm, indi bir çoxunuz deyəcəksiniz ki, "a kişi, sən heç Mirşahinin bildiyinin bir qismini bilmərsən!" Düzdür, bu belədir. Hal-hazırda mənə Mirşahinin biliyindən çox, bildiyini deməsi lazım idi. Daha nəinki, digər saray sözçüləri kimi xalqı yalanlarla "yola verməyi".

Görünür, bizim də "papalarımız" hərdən öz tütəklərini qıraq alətlərlə remiks edirlər ki, qarışıq və cəzbedici olsun.

Abdulla Elçi

XeberLent.az

- See more at: http://xeberlent.az/index.php?do=xeber_inner&id=10268#sthash.89Nd0rme.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR