Amerikada ən nüfuzlu yəhudi təşkilatında Azərbaycan müzakirəsi - FOTO

img

03-03-2015 [15:46]


Bu günlərdə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikadakı ən nüfuzlu yəhudi diaspora təşkilatı Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2015-ci il üçün siyasi konfransı keçirilir. 

Mia.az xəbər verir ki, illik əsasda təşkil edilən konfrans çərçivəsində martın 2-də Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş "Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” adı altında xüsusi seminar baş tutub.

 Artıq bir neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət edilən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış etmişdir. Hayfa Universitetinin professor, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şaferin moderatorluğu ilə keçən seminarda, həmçinin "Amerika Xarici Siyasət Şurası” analitik mərkəzinin vitse-prezidenti, təhlükəsizlik məsələləri üzrə nüfuzlu mütəxəssis İlan Berman çıxış etmişdir. 

Səfir Elin Süleymanov çıxışında dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulamışdır. 

Diplomat xalqlar arasındakı uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərinə söykənən Azərbaycan-İsrail münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını və ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində son illər bu münasibətlərin daha da sürətlə inkişaf etdiyini qeyd etmişdir. Bu xüsusda, Azərbaycanın İsrailinin enerji təhlükəsizliyinə töhfəsi, habelə tərəflər arasında qabaqcıl texnologiyalar, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın mövcudluğu vurğulanmışdır. 

Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edərək, bəzi hallarda Azərbaycan kimi tərəfdaşların regionda sülh və təhlükəsizliyə töhfələrinin lazımınca qiymətləndirilmədiyi və ölkəmizə qarşı ikili standartların tətbiq edildiyini təəssüflə qeyd etmişdir. Bununla əlaqədar, ikili standartların mövcudluğu və strateji yanaşmanın olmamasının nə ABŞ-ın, nə də onun tərəfdaşlarının maraqlarına cavab vermədiyi xüsusilə qeyd edilmişdir. 

Martın 3-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən 16000-dən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-dən çox üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak etmişdir.

 Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilir və nadir hallarda digər dövlətlərlə bağlı tədbirlərə yer verilir. Buna baxmayaraq, son illər ərzində AIPAC siyasi konfranslarında Azərbaycan və İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilmiş və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətinə dəlalət edir. Seminarda, həmçinin Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə iştirak etmişdir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR