“Mərkəzi Bank bağlanacaq banklar haqda açıqlama verməlidir”

img

03-03-2015 [15:31]


Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən artıq 2 ay keçib.

Belə ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdıra bilməyən bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcəkdi.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında bildirib ki, əhalinin narahatlığını nəzərə alıb, artıq Mərkəzi Bank rəsmi açıqlama verməlidir:

"Mərkəzi Bank bağlanacaq banklar haqqında artıq açıqlama verməli idi. Çünki vaxt yanvarın 1-də başa çatıb və nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar faktiki olaraq ya bağlanmalı, ya da digər bir banka birləşməli idi.

Arada məlumat gəldi ki, 4-5-ə yaxın bank nimzamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib, hətta adları da mətbuatda getdi. Mərkəzi Bank isə hər hansı açıqlama vermədi. Bu, çox ciddi məsələdir. Çünki əhalinin banklarda kifayət qədər əmanətləri, kreditləri var. Buna görə də Mərkəzi Bank açıqlama verməyə borcludur. Əhaliyə məlumat çatdırılmalıdır ki, onlar da öz işlərini bilsinlər”.

"Mümkündürmü ki, Mərkəzi Bank 2014-cü ilin sonunda verdiyi rəsmi açıqlamasını təkzib etsin və heç bir bankın bağlanmayacağını açıqlasın” sualına cavab olaraq iqtisadçı-deputat bildirib ki, bu da mümkündür:"Ola bilər ki, Mərkəzi Bank heç bir bankın bağlanmayacağı barədə qərar qəbul etsin. Amma istənilən halda mütləq açıqlama verməlidir. Bu, əhalinin nigaranlığının aradan qaldırılması üçün vacibdir. Bu, təbii ki, Mərkəzi Bankın səlahiyyətində olan məsələdir.

Düşünürəm ki, Mərkəzi Bank rəsmi olmsa da, banklara vaxt verib ki, nizamnamə kapitalını yığa bilsinlər. 2013-cü ildə də bu hadisə təkrarlandı, qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli idi. Sonra təxirə salındı. Artıq 2015-ci ildir. Düşünürəm ki, istənilən şəkildə açıqlama verilməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR