22 MOK nümayəndəsi Bakıda toplandı

img

13-02-2015 [15:03]


Avropanın 22 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri bu həftə yayda keçiriləcək birinci Avropa Oyunları öncəsi, Bakıda baş tutmuş üçüncü və eyni zamanda, sonuncu MOK Açıq Qapı Günü iclasında iştirak etmək üçün bir araya gəlib.

Mia.az xəbər verir ki, Avropanın hər tərəfindən gəlmiş 59 nümayəndə, üç günlük proqramda Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Tibbi xidmətlər və Antidopinq, Nəqliyyat və Yerləşdirmə daxil olmaqla müxtəlif şöbələri tərəfindən göstərilmiş təqdimatlar və seminarlar vasitəsilə Oyunlara hazırlıqlarla bağlı ən son yeniliklərlə tanış olub.

Nümayəndələr, həmçinin, Bakı 2015 Avropa Oyunlarının bir çox yarış obyektlərinə, o cümlədən, yeni tikilmiş Milli Stadiona və Avropa Oyunları Parkına baş çəkmək və nail olunmuş irəliləyişləri müşahidə etmək imkanı əldə ediblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "AOK Koordinasiya Komissiyasının ötən həftə baş tutmuş səfərindən sonra Avropa Milli Olimpiya Komitələrinin nümayəndələrini sonuncu Bakı 2015 MOK Açıq Qapı Günü iclasında salamlamaq bizim üçün xoşdur. ”

"Ötən ilin sentyabr ayında keçirilmiş ikinci Açıq Qapı Günü iclasından bu günə kimi əldə etdiyimiz əhəmiyyətli irəliləyişləri, xüsusilə də, bu yay dünya səviyyəli yarışlara ev sahibliyi edəcək möhtəşəm obyektlərimizi göstərə bildiyimizə görə fəxr hissi duyuram.”

Bakı şəhərində yerləşən obyektlərdən başqa, nümayəndələr 14-16 iyun tarixlərində Kanoe sprinti yarışlarına ev sahibliyi edəcək Mingəçevirdəki Kanoe sprinti obyektinə də səfər etmək imkanı əldə ediblər.

Finlandiyanın Missiya Rəhbəri cənab Piter Brül söyləyib: "Birinci Avropa Oyunlarının keçirilməsi bizdə çox böyük maraq hissi yaradır və Oyunların özü ilə nələr gətirəcəyini səbirsizliklə gözləyirik. Avropa Oyunları kimi yeni növ yarışlarda yarışmaq və müxtəlif təcrübələrdən faydalanmaq idmançılarımız üçün gözəl imkandır. ”

"Bu günə kimi müşahidə etdiklərimizə əsasən onu deyə bilərik ki, yarışların keyfiyyəti ilkin mərhələdəki gözləntilərimizə nəzərən daha yaxşı olacaq və bir sıra planlar ən azından Olimpiya Oyunları ilə eyni səviyyədə görünür. Olimpiya Oyunlarından fərqli olaraq Avropa Oyunlarına daha az idmançı qatıldığına

və daha kiçik miqyaslı yarış hesab olunduğuna görə Bakı 2015 Avropa Oyunlarının təşkilatçıları yarışları hər bir kəsin ehtiyacına uyğunlaşdırmaq imkanından istifadə edə biliblər.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatları şöbəsinin direktoru cənab Ceyms Makleod deyib: "Milli Olimpiya Komitələrinin keçirilmiş hər üç Açıq Qapı Günü iclası Avropanın 50 MOK-unu Bakı şəhərində salamlamaq və onları Oyunlara hazırlıqlarımız barədə məlumatlandırmaq baxımından bizim üçün əla imkan yaratdı. ”

"Mən tam əminəm ki, bütün Milli Olimpiya Komitələri onların idmançıları üçün təklif edilən imkanlardan məmnun qalacaqlar və Bakı 2015 Avropa Oyunları, Oyunlara cəlb edilən hər kəsin yaddaşında uzun müddət qalacaq.”

Digər xəbərlər
SON XƏBƏRLƏR