Daha çox şikayət olunan nazir və icra başçılarının rəsmi siyahısı - PA açıqladı

img

13-02-2015 [11:15]


Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində qaldırılan məsələlərlə bağlı görülmüş işlər barədə geniş təhlil yazısı ilə çıxış edib

S.İsmayılovun bildirdiyinə görə, 2014-cü ili vətəndaşların müraciətlərinə baxılmasının təşkilində, ümumiyyətlə, vətəndaşların problemlərinin əsaslı surətdə həll olunmasında, həmçinin onların gündəlik problemlərinə qayğı və diqqətin artırılmasında yeni bir mərhələ adlandırmaq olar.

"Azərbaycan Prezidenti özü başda olmaqla bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan Azərbaycan dövlətinin əsas dayağı olan Azərbaycan xalqının daha yaxşı yaşamasına şərait yaradılmasını, vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi bu hüquqların təmin edilməsini, onların dövlət orqanlarına etdiyi hər bir müraciətə qanun çərçivəsində, hüquqi müstəvidə baxılmasını çox ciddi tələb edir”.

Şöbə müdiri yazır ki, 2014-cü ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşların yerlərdə qəbulu davam etdirilib. 
Vətəndaşların vəzifəli şəxslərlə birbaşa ünsiyyəti xalqla hakimiyyət arasında dialoq körpüsünün möhkəmlənməsinə səbəb olub və çox böyük səmərə verib.

Respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən 67 şəhər və rayondan 10529 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 10194 müraciətə baxılıb, bunların bir çoxu operativ həll edilib, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Qəbullarda iştirak etmiş 10529 vətəndaş daxili işlər (1415 nəfər), əmək və əhalinin sosial müdafiəsi (745), iqtisadiyyat və sənaye (711), ədliyyə (656), təhsil (640), ekologiya və təbii sərvətlər (542), mədəniyyət və turizm (485), rabitə və yüksək texnologiyalar (444), nəqliyyat (435), kənd təsərrüfatı (417), səhiyyə (359), gənclər və idman (356), vergilər (325), fövqəladə hallar (303) nazirləri, Baş prokuror (706), Əmlak Məsələləri (381), Torpaq və Xəritəçəkmə (283), Ailə, Qadın və Uşaq Problemləri (185), Gömrük (132), Dini Qurumlarla İş üzrə (87) dövlət komitələrinin sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (271), Dövlət Sərhəd Xidmətinin (191) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (351), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (109) sədrləri tərəfindən qəbul edilmişdir. Qəbullarda qaldırılan məsələlərin 8374-ü (82,1%) qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olub.

Vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələlərin həllinə nail olublar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 37,6 faizi müsbət həll edilib, 13,1 faizi əsasız sayılıb, 5,5 faizi  icrada saxlanılıb, 30,5 faizi ilə bağlı vətəndaşlara izahat və tövsiyələr verilib, 13,3 faizi aidiyyəti üzrə müvafiq qurumlara göndərilib.

Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq üçün ötən il Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən respublikanın mərkəzi icra hakimiyyəti və hüquq mühafizə orqanları nümayəndələrinin iştirakı ilə müxtəlif rayon icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili vəziyyəti öyrənilib. Belə araşdırmalar Balakən, Beyləqan, Biləsuvar, İmişli, Lerik, Neftçala, Saatlı, Samux rayonlarında aparılıb.

Araşdırmalar göstərib ki, bu rayonların sakinlərindən daxil olan şikayətlərin əsas səbəbi müvafiq normativ hüquqi aktların tələblərinin yerli icra hakimiyyəti orqanları tərəfindən tam yerinə yetirilməməsi ilə bağlıdır. İcra hakimiyyəti başçılarının aparatları və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının bir çoxu həmin aktların tələblərinə lazımınca riayət etmirlər. Buna görə də sənədlərin dövriyyəsi və vətəndaş müraciətlərinə baxılması işi ardıcıl qurulmamış, vahid nəzarət sistemi yaradılmamış, nəzarət qaydasında baxılan müraciətlərin icrasına dair geniş və hərtərəfli təhlillərin aparılması təşkil edilməyib.

Bəzən vətəndaşların müraciətlərinə bilavasitə onların iştirakı ilə baxılmır, ayrı-ayrı hallarda müraciətlər baxılmaq üçün şikayət edilən vəzifəli şəxslərə göndərilir və onların hazırladıqları cavablar əsasında işə alınır. Bəzi yerlərdə vətəndaşların müraciətlərinə baxılmasında, onların qəbulunda formalizmə yol verilir, vətəndaşlarla keçirilən hər bir görüşdən yerli problemlərin həlli üçün  səmərəli istifadə olunmur və s.

Aparılan araşdırmaların nəticələri RİHB aparatları əməkdaşlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, idarə, təşkilat və müəssisələrin rəhbərlərinin, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yerlərdə geniş müzakirə olunub, nöqsan və çatışmazlıqlara yol vermiş şəxslər barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüş və onları aradan qaldırmaq üçün müvafiq tədbirlər planları hazırlanıb təsdiq edilib. Bütövlükdə araşdırmaların aparılması səmərəli olmuş, görülən işlər bu sahədə böyük dönüş yaradıb.

"Ümumiyyətlə, vətəndaş müraciətlərinə və vətəndaşların özlərinə yeni münasibət ili kimi yadda qalan 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olan müraciətlərin təhlili, statistikası, növləri, coğrafiyası, müraciət edənlərin sosial tərkibi və digər məlumatların öyrənilməsi də maraqlı nəticələr çıxarmağa imkan verir”-deyə S.İsmayılov yazır.

Ötən il Prezident Administrasiyasına daxil olan müraciətlər 2013-cü ilə nisbətən 25,8 faiz azalıb. Bunun əsas səbəbləri, əvvəldə qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyəsi ilə yerlərdə səyyar qəbulların keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda müraciətlərə daha diqqətlə yanaşılması, xüsusilə təkrar və çoxsaylı müraciətlərin yaranma səbəblərinin aradan qaldırılması, vətəndaşlara onların irəli sürdükləri məsələlərin nə dərəcədə əsaslı olub-olmaması barədə kifayət qədər dolğun məlumatların verilməsi, əhali arasında hüquqi biliklərin daha geniş təbliğ edilməsi, ən başlıcası isə vətəndaşların müraciətlərinə ölkə Prezidentinin müəyyən etdiyi prinsiplər və normalar əsasında baxılmasıdır.

Müraciətlərin say etibarilə azalması daha çox Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan MR-in şəhər və rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Cəlilabad, Daşkəsən,  Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Quba, Qubadlı, Qusar, Lerik, Masallı, Saatlı, Sabirabad, Siyəzən, Şəmkir, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda müşahidə olunur.

Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayı ilə yanaşı, təbiidir ki, hər 1000 nəfərə düşən sayı da azalıb. Lakin bəzi şəhər və rayonlar üzrə bu göstərici digərlərinə nisbətən yüksək olub. Buna misal olaraq Bakı şəhərinin Xəzər rayonunu, Lənkəran, Naftalan, Yevlax, Ağcabədi, Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Xocalı, Kəlbəcər, Laçın, Lerik, Şuşa, Zəngilan, Zərdab, digər şəhər və rayonları göstərmək olar(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR