“Mən Eldar Mahmudovdan “yox” sözü eşitməmişəm” - Komitə sədri

img

28-01-2015 [13:52]


"Eldar Mahmudovla hələ milli təhlükəsizlik naziri təyin olunmamışdan öncə tanışlığımız olub. O çox peşəkar əməliyyat işçisidir. Gözəl ailə başçısıdır”.

Bu fikirləri azvision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Eldar Mahmudovla dostluq münasibətində olduğunu deyən E.Behbudov general-polkovniki daha yaxından tanıdığını bildirib: "Eldar müəllim nazir təyin olunandan sonra nə qədər terror aktlarının, dövlət əleyhinə olan ağır cinayətlərin qarşısı alınıb. Bütün bunların hamsı Eldar müəllimin zəhməti sayəsində baş verib. O, nazir təyin olunandan sonra MTN-in texniki və əməliyyat bazası daha da gücləndirilib. Nazirliyin əməkdaşlarının mənzil şəraiti yaxşılaşdırılıb”.

Hüquq müdafiəçisinin sözlərinə görə, E.Mahmudov çox səmimi insandır: "Çox adamlar MTN-in adı gələndə çəkinirlər. Eldar müəllim xasiyyətcə çox gözəl və səmimi insandır. Ona görə də mən Eldar müəllimi çox istəyirəm. Bəziləri deyirlər ki, milli təhlükəsizlik nazirinin çox ağır xasiyyəti var. Amma Eldar müəllimin ətrafında olan insanların hamısı bilirlər ki, o necə insandır. Hər kəs Eldar müəllimin xətrini çox istəyir. Eldar müəllimin sərtliyini hiss eləməmişəm. Nazirliyin əməkdaşları Eldar müəllimə çox hörmətlə yanaşırlar və onun xətrini istəyirlər. Eldar müəllimlə dəfələrlə təklikdə görüşmüşəm, görüşürəm də. Eldar müəllim qaldırdığım bütün məsələlərin həllinə çalışıb. Milli Təhlükəsizlik Nazirliyi bizim dövlətin dayaq sütunudur. Mən Eldar müəllimin əsəbiləşməsini görməmişəm. Eldar müəllim həm dövlətə, həm də prezidentə sadiq bir insandır. O, dövlətçiliyi sevən bir şəxsdir. Eldar müəllimdən mən "yox” sözü eşitməmişəm”.

Daha sonra E. Behbudov MTN nazirinin ailəsindən söhbət açıb. O, qeyd edib ki, E. Mahmudov həm də gözəl atadır: "Eldar müəllimin gözəl ailəsi var. O, yaxşı atadır. Eldar müəllim də bütün atalar kimi oğlunun xoşbəxt olmasını istəyir. Eldar müəllimin oğlunun adı heç vaxt pis hallanmayıb. O çox yaxşı övladdır. Hər şey tərbiyədən aslıdır. Valideyn uşağa necə tərbiyə verərsə, elə də davam edəcək. Bəzi nazirlərin oğlanları yüz hoqqadan çıxırlar. Ancaq Eldar müəllimin oğlunun adı heç bir kriminal hadisədə hallanmayıb. Anar gözəl ailə tərbiyəsi alıb. Eldar müəllimlə oğlu Anar arasında pərdə var. Amma elə oğullar var ki, atalarına kobud cavab verirlər. Amma Anar elə oğlanlardan deyil. Anar çox ağıllı gəncdir. Anar atasının yanında işləmir. O, başqa yerdə işləyir”.

Sonda isə E.Behbudov MTN nazirinin qaynından söhbət açıb: "Eldar müəllimin qaynı ilə də çox yaxın olmuşam. O, Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovdur. O, Daşaltı əməliyyat zamanı erməni birləşmələri tərəfindən qətlə yetirilib. Allah ona rəhmət eləsin!”

Qeyd edək ki, general-polkovnik Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziridir. Ailəlidir, üç övladı vardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR