Başı unitaza dəyənlər

img

26-12-2014 [23:45]


Tələbə yoldaşlarımın əksəriyyəti bank sektorunda çalışır. Biz ayrı-ayrı fakültələrdə təhsil alsaq da, eyni universitetdə oxuyurduq. Hələ o vaxt deyirdilər ki, gələcəkdə hamımız söyüş-qarğış yiyəsi olacağıq. Humanitar fakültədə təhsil alsam da, bu sözlərin mənasını başa düşə bilmirdim. Onların nəyə eyham vurduqlarını aradan uzun illər keçəndən sonra dərk etməyə başladım...

Azərbaycanda beş nəfərin təxminən üçü hər ay banklara pul ödəyir. Əhalinin banklara olan borcu 1 milyard manatı keçib. Bank sahibləri verdikləri pulu geri qaytarmaq üçün ən müxtəlif üsullara əl atmaqdan çəkinmirlər. Bəzi bankların qarşısı "cərimə meydançası”na çevrilib. Borclu müştərilərin əlindən alınan maşınlar bankların öz "əlində” qalıb. İndi hər iki tərəf peşmandır. Biri maddi təminatı olmayan adama pul verdiyinə, digəri isə şirniklənib həmin pulu aldığına görə başına döyür.

Tələbə yoldaşlarımla hər görüşümüzdə bank sektorundakı vəziyyəti müzakirə edirik. Əminliklə deyə bilərəm ki, insanlar banklara heç də həmişə vacib problemlərinin həlli üçün müraciət etmirlər. Adi məişət əşyası almaq üçün banklardan kredit götürənlər də var. Bakının Xətai rayonunda filial müdiri işləyən dostum deyir ki, müştərilərdən biri qabyuyan və şirəçəkən maşın almaq üçün onlardan kredit götürüb. Amma vaxtında ödəniş etmədiyinə görə 500 manatlıq borcu faizlə bir yerdə 1000 manata çatıb. Dostum deyir ki, indi "kredit bataqlığı”nda boğulan həmin müştəri pul üçün onlara müraciət edəndə həyat yoldaşı və qızları da yanında olub. Əlbəttə, mən keç kimə evinə məişət əşyası almağı qadağan edə bilmərəm. Amma bir məsələnin də üstündən sükutla keçə bilməyəcəyəm. Dostumun təbirincə desək, nehrə kimi arvadı, iki cantaraq qızı olan kasıb bir adamın kreditlə qabyuyan maşın alması çoxmu vacibdir? Görəsən, insanlar niyə dərk etmirlər ki, kreditlə alınan həmin qabyuyan maşın evdəki çirkli boşqablardan əvvəl onların cibini "təmizləyir”?

Söhbətdə iştirak edən başqa bir filial müdiri isə daha acınacaqlı hadisə danışdı. Dedi ki, hazırda faizlərin əlində əsir-yesir qalan bir müştəri iki il əvvəl hamamını və tualetini təmir etdirmək üçün onlardan kredit götürüb. Amma vaxtında ödəniş edə bilmədiyinə görə borcu iki dəfə artıb. Kişi əlindəki qəpik-quruşu ödəmək üçün ötən gün banka gələndə əməkdaşlara deyib ki, 500 manata aldığı unitaz indi gözdağına çevrilib qalıb bir küncdə.

İnsanların çətin duruma düşməsi məni həmişə kədərləndirib. Amma bu dəfə zərrə qədər də məyus olmadım. Hər bir insan öz axmaq əməlinin cəzasını çəkməlidir. Görünür, ağıllanmaq üçün kiminin başı daşa, kiminin də başı unitaza dəyməlidir...



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR