Qəzzafinin Ukrayna payızı

26-12-2014 [23:17]


Səhv etmirəmsə, 2008-ci il payızının sonu idi. Kiyevin küçələri boyu uzanan qazon və yaşıllıqların üstünə "əl gəzdirən” dümağ qırov artıq qapını kəsdirən qışın ilk əlamətlərindən xəbər verirdi. O vaxt Ukraynada Yuşşenko prezident, Timoşenko isə baş nazir idi. Xatırlayıram, həmin günlərin ən mühüm hadisələrindən biri Obamanın Amerikada prezident seçilməsi idi. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı-ali məktəb tələbələrindən tutmuş bazarlardakı alverçilərəcən, bütün gecəni fişəng atıb mahnı oxudular, çalıb oynadılar. 

Həmin günlərin yaddaqalan hadisələrindən biri də Liviya lideri Qəzzafinin Kiyevə gəlişi idi. 
Yadımdadır, Ukraynanın Yazıçılar Birliyinə getməli idim. Səhər tezdən durub qəlyanaltı etdim. Sonta televizotda yerli xəbərlərə qulaq asmağa başladım. Proqramlarda Qəzzafinin Kiyevə gəlişi barədə informasiyalar verilirdi. Mən heç yerə tələsmirdim. Görüşəcəyim yazıçı ilə də xüsusi bir işim yoxdu. Bir də ki, bu yazı-pozu tayfasının əksəriyyətinin təndəl olduğuna, günortayacan yatmağına olan inamımdan dolayı, özümçün hoteldən bir az gec çıxmağı qərarlaşdırmışdım.

Nəhayət, günorta oldu. Gödəkcəmi geyib küçəyə çıxdım. Avtobusa minib şəhərin mərkəzinə yola düşdüm; Yazıçılar Birliyi orada yerləşirdi. 

Avtobusdan düşüb yolu keçdim. Geniş prospektlə züyuxarı getməyə başladım. Nəhəng inzibati binanın qənşərindən keçərkən polisin mənə gəldiyim yolu, daha doğrusu, istiqamətimi dəyişmək barədə işarə etdiyini gördüm. Görəsən nə baş vermişdi belə?.. Ayaq saxlayıb ətrafa göz gəzdirdim. İrəlidə möhtəşəm bir çadır qurulmuşdu. "Görəsən toydur, yoxsa yas?”- deyə, ürəyimdən keçirdim. Polis nəfərinin kürəyinin arxasında, çadırın ətrafında dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən nə toy idi, nə də yas. Möhtəşəm, zəhmli çadır elə uzaqdan adama... "get-get” deyirdi. 
Az sonra yolüstü köşkdən aldığım yerli qəzetlərdə öz-özümə verdiyim suala cavab tapa bildim: sən demə, gördüyüm o nəhəng çadır Liviya lideri üçün qurulubmuş. Axşam televizorda göstərilən geniş bir reportajda isə Qəzzafi və onun çadırı barədə ətraflı məlumat verdilər. O da məlum oldu ki, diktatoru qırx bakirə qız qoruyur. Qəzzafinin düşüncəsinə görə, bu cür qızlarda hissetmə, duyma qabiliyyıti yüksək olur.

Baş nazir Timoşenko ağ paltarda bədəvi çadırına, məşhur qonağın görüşünə gəlmişdi.

Həmin gün mənim yadımda həm də digər bir hadisə ilə qalıb. Amma bu, sırf mənim özümlə bağlı olan bir faktdır. Həmin gün, daha doğrusu gecə, televizorun pultundakı düymələri basıb Bakı kanallarını gözdən keşirməyə başladım. Ekranda mədəniyyət yeniliklərindən bəhs edən xəbərlər verilirdi. Əl saxladım. Aparıcı elan etdi ki, Dövlət Gənclər Teatrında "Su pərisi” adlı əsərin uğurlu premyerası olub. Əsərin müəllifi Firuz Mustafa, rejissoru Rəhman Əlizadədir. Sonra əsərin lentə alınmış bir parçası göstərildi.

Həmin ilin soyuq Kiyev payızı yadımda bax bu cür qalıb.


SON XƏBƏRLƏR