ABŞ-dan sığınacaq almaq istəyən polis zabiti kim olub? - Vəkil

img

21-12-2014 [15:17]


Bu gün milyonlarla insan müxtəlif səbəblərdən öz vətənini tərk edib başqa ölkələrə sığınmaq məcburiyyətində qalıb. Bir ölkə başqa birinin, hətta bəzən müttəfiq ölkənin vətəndaşına sığınacaq verir və bu, ölkələr arasında münasibətləri pozmur.

Sığınacaq və onun əsasları ilə bağlı ABŞ-da yaşayan azərbaycanlı vəkil, hüquq doktoru, "I.S. LawFirm, PLLC” hüquq firmasının təsisçisi və rəhbəri İsmayıl Şahtaxtinskinin fikirlərini öyrənib.
 ismayil1

-  Sığınacaq nədir?

–  Öz ölkəsində müəyyən səbəblərə görə təqiblə və ya təzyiqlə üzləşən şəxsin başqa ölkədə yaşamasına və işləməsinə imkan verən hüquq.  BMT-də üzv ölkələr arasında ikinci dünya müharibəsindən sonra öz ölkəsində təzyiqlərə məruz qalan və ya təqib olunan adamlara sığınacaq verilməsi ilə bağlı razılığa gəlinib.

- Sığınacağın verilməsi üçün konkret əsaslar varmı?

– Bəli, sığınacaq verilməsi üçün 5 əsas qəbul olunub: İrqi, dini, milli, konkret sosial qrup üzvlüyü və ya siyasi fikir daşıyıcısı olduğuna görə təqib. Bu əsaslara görə, hökumətin, ya hansısa qrup və ya hökumətin nəzarət edə bilmədiyi və ya nəzarət etmək istəmədiyi qrupların təzyiq və təqibi ilə üzləşən şəxslər başqa bir ölkədə sığınacaq ala bilərlər. Sığınacaq üçün müraciət olunan ölkənin müvafiq qurumu şəxsin əhvalatınn doğru-dürüstlüyünü yoxlayır. Şəxs sığınacaq ala bilmək üçün təqibi ilə bağlı sübutlar təqdim etməlidir.

-  Siyasi sığınacağın əsaslarına nə aiddir?

–  Şəxs öz ölkəsində siyasi fəaliyyətinə, fikirlərinə görə təqibə, təzyiqə məruz qalırsa, başqa ölkəyə sığınacaq üçün müraciət edə bilər. Bunun üçün şəxsin bu təqib və təzyiqi sübut edən faktları olmalıdır. Yəni şəxs həbs oluna bilər, ya artıq buna görə həbsdə yatıb, siyasi fəaliyyəti ilə bağlı işgəncələrə məruz qalıb və ya özü, yaxınları  hədələnir.  Şəxsə siyasi sığınacaq verilməsi üçün miqrasiya idarəsinə çox tutarlı səbəblər təqdim etmək lazımdır. Sizə bir hadisə danışım. Bir öncə Azərbaycandan etiraz aksiyalarının dağıdılmasında iştirak edən bir polis əməkdaşı ABŞ-a siyasi sığınacaq üçün müraciət eləmişdi. Bildirmişdi ki, buna görə polis vəzifəsindən istefa verib, indi geri qayıtsa, ona təzyiqlər ola bilər. Amma onun müraciətinə mənfi cavab verib özünü də deportasiya elədilər. Düzdür, o əsas gətirib deyə bilərdi ki, dəyənəyi əlinə məcburiyyətdən alıb. Ancaq məcbur olmaq o demək deyil ki, uşağına yaxşı paltar almaq, yaxşı dolanmaq istəmisən. Yalnız o əsas ola bilərdı ki, aksiyaları dağıtmaqda iştirak etmədiyin təqdirdə həyatına təhlükə yaranacaqdı.

–  Əgər şəxs özünün keçmiş polis işçisi olduğunu deməsəydi, bu fakt necə üzə çıxa bilərdi?

–  Belə hallar olur ki, keçmişdə təqib edənlər sığınacağa müraciət edir və hansısa əhvalatlar uydururlar. Əgər belə şəxslər barədə məlumatınız olsa, ABŞ hökuməti onlara bilgi verilməsini istəyir. Ümumiyyətlə, Dövlət Departamenti aksiyalarda zorakılıq göstərən polis işçilərinin siyahısını hazırlayıb. "Onlar kimdir” saytında bu polislərin fotoları, haqqında məlumatlar yerləşdirilib. Vaxtilə təqib prosesində iştirak edən şəxsin ABŞ-dan siyasi sığınacaq üçün müraciət etdiyini biləndə, bunu müvafiq qurumlara xəbər vermək lazımdır.

-  Sığınacaq verilməsi üçün əsaslardan biri də etnik mənsubiyyətlə bağlıdır. Etnik əsaslarla təqib olunma nə deməkdir?

– Şəxs vətəndaşı olduğu ölkədə etnik mənsubiyyətinə görə təzyiqlərlə üzləşməsi etnik təqib sayılır. Firmamız Rusiyadan olan bir çox adama sığınacaq almaqda kömək edib. Onların üz-gözündən asiyalıya, ya qafqazlıya oxşamağı vacib deyil. Əsas odur ki, etnik təqibə məruz qalmağı sübuta yetirəsən. Məsələn, bizim belə bir işimiz olmuşdu: həm Özbəkistan, həm Rusiya vətəndaşı, etnik mənsubiyyətinə görə qırğız olan müştərimiz ABŞ-dan sığınacaq istəyirdi. Etnikliyinə görə Rusiyada onun həyatına təhlükə yaranmışdı. ABŞ-ın yerli miqrasiya idarəsi ondan soruşmuşdu ki, Özbəkistanda da onun həyatına təhlükə var, yəni həm də Özbəkistan vətəndaşı ola-ola o ölkəyə niyə qayıtmır? Biz o vaxt sübut elədik ki, milliyyətcə qırğız olan müştərimizin yaxın qohumları Özbəkistanda da təqiblə üzləşdiyi üçün ora da qayıtmaq şansı yoxdur.

- Tutaq ki, Rusiya vətəndaşı olan qırğız etnik təqiblə üzləşib və Qırğızıstan onu qəbul etməyə hazırdırsa, o ABŞ-dan sığınacaq ala bilər?

– Bu situasiyada ortaya sual çıxa bilər ki, nədən Qırğızıstanın təklifini qəbul etmirsən. Əgər adam əsas gətirsə ki, ABŞ-da həyat səviyyəsi yüksək olduğu üçün bu ölkəni seçib, onda o adama rədd cavabı verilə bilər. Çünki məqsəd adamı təhlükəsiz həyatla təmin etməkdir, rahat, dolanışıqlı həyatla yox. Sənə başqa ölkədə sığınacağı əlacsız qaldığın üçün verirlər, yaxşı yaşamağın üçün yox.

-  Dini əsaslı sığınacaq deyəndə nələr nəzərdə tutulur?

–  Etiqat etdiyin dini baxışlarına görə təqibi nəzərdə tutur. Bu təqib sənin həyatına təhlükə ilə izlənməlidir. Yəni sığınacağa müraciət edən şəxs sübut etməlidir ki, həyatını itirə bilər. Dini təqib də ABŞ-da sığınacaq almağa əsas verir.

-  Soruşmazlarmı ki, məsələn, dini təqibə məruz qalan müsəlman digər müsəlman ölkələrinə niyə sığınacaq üçün müraciət etmir?

– Müsəlman ölkələrində də mənsub olduğu təriqətə görə təqib olunma hallarına rast gəlinir. Məsələn, biz Azərbaycanda təqib olunan bir müsəlmana dini əsaslarla ABŞ-da sığınacaq almışıq. Bir işimiz də iranlı bir qadınla bağlı idi. Onun evinə hücum çəkiblər, mülkünü dağıdıblar, dini mənsubiyyətinə görə onu ağır cəzayla hədələyiblər. Qadına hücum edənlər hesab edirdilər ki, oğlunun Bəhai dinini qəbul etməsinə razılıq verib və sonra da onu İrandan qaçırdıb. Biz sübut elədik ki, bu qadını öz ölkəsində təhlükə gözləyir. Ona dini əsaslarla sığınacaq ala bildik.

–    Sosial qrupun üzvü – sığınacağın əsaslarından biri budur. Bunun izahı nədir?

–  Bu sığınacaq cinsi azlıqlar, insan alveri qurbanları və bu kim sosial qrupa aid olan şəxslərə şamil olunur. Müraciət etmək üçün həmin şəxsə yaşadığı ölkədə təhlükə olmalıdır. Məsələn, bir müştərimizin işindən danışım. Moldovadan olan bu qız insan alverinin qurbanı olmuşdu. Biz sübut etdik ki, insan alverinin qurbanı olsa da, yəni keçirdiyi həyat onun iradəsindən kənar baş versə də, öz ölkəsində bu fakta göz yumurlar. Ətrafında onunla fahişə kimi davranırlar. ABŞ-dan moldovalı qıza bu əsaslara görə sığınacaq verildi. Cinsi oriyentasiyasına görə də təqib və təzyiqlə üzləşən şəxslər bu əsaslarla sığınacaq üçün müraciət edə bilərlər.

- Siz sığınacağın əsas motivlərindən danışdınız. Bəs başqa əsaslarla da sığınacaq varmı?

–  İşgəncə Konvensiyası deyilən bir razılaşma var. Əslində bu da sığınacağın əsasların biri sayıla bilər. Bu Konvensiya işgəncə ilə üzləşən hər bir kəsə aid edilir. Yəni ola bilər ki, şəxs cinayətkardı, tutaq ki, lap pis adamdır, amma öz ölkəsində onu işgəncə gözləyirsə, başqa ölkə bu şəxsə sığınacaq verə bilər.

– Yəni cinayətkar da siyasi sığınacaq ala bilər?

– Cinayətkarlığı bəlli olan şəxsə verilən sığınacaq siyasi əsaslı olmur. Sadəcə, İşgəncə Konvensiyası bu adama sığınacaq verilməsini mümkün edir. Məsələn, adam oğurluq edib və buna görə öz ölkəsində onun qolunun kəsiləcəyi gözlənirsə, onda şəxsə müraciət etdiyi ölkədə sığınacaq verilir.

–  Bu cür şəxslər işgəncə motivinə görə, sığınacaq ala bilərsə, digər əsaslarla sığınacaq almış adamlarla eyni imtiyazımı daşıyır?

–  İşgəncə Konvensiyasının müsbət tərəfi odur ki, həyatına işgəncə təhlükəsi gözlənən hər bir adam bu imkandan istifadə edib başqa ölkədən sığınacaq ala bilər. O cümlədən, ABŞ-dan da. Amma bunun mənfi tərəfi odur ki, bu şəxslərə Amerikada Creen-card yolu ilə vətəndaşlıq verilmir. Məsələn, siyasi və ya digər əsaslarla sığınacaq alan şəxs bir il sonra müraciət edib Green-card, bundan 4 il sonra da vətəndaşlıq ala bilər. İşgəncə Konvensiyası əsasında sığınacaq alan adamlar isə öz ölkələrində həyatlarına təhlükə dəf olanadək bu imkandan istifadə edə bilərlər.

-  ABŞ-da sığınacaq almaqla bağlı konkret hansı qaydalar var?

– Hər ölkə fundamental əsaslara uyğun olaraq öz qaydalarını yaradıb. ABŞ-da siyasi sığınacaq almağın bir tələbi budur ki, ölkəyə getdikdən bir il ərzində siyasi sığınacağa müraciət etməlidir. Bu qaydanı ona görə qoyublar ki, adam ABŞ-da qalmaq üçün başqa yolları sınaqdan keçirib alınmadığı təqdirdə sığınacaq müraciətinə üz tutmasın. Yəni, sən həqiqətən də dini, irqi, siyasi və s. əsaslar altında təqib olunursansa, onda dərhal sığınacaq üçün müraciət etməlisən. Ancaq sən ABŞ-da yaşamaq və işləmək üçün başqa yollara baş vurursan, alınmır, onda deyirsən ki, sığınacaq istəyim. Təqib olunmadığın halda sığınacaq istəmək fırıldaqçılıqdır və bu qayda ilə fırıldaqçılığın qarşısını almağa çalışırlar. Ancaq istisnalar var. Ola bilsin ki, kimsə ABŞ-da leqal statusda yaşayır, məsələn, tələbə kimi və 3 il oxuyur. Təhsilinin sonunda məlum olur ki, ölkəsinə qayıda bilmir, onu təhlükə gözləyir, onda sığınacaq üçün müraciət edə bilər. Müraciət üçün formanı doldurub ölkəsinə qayıtmamaq səbəblərini göstərir, hətta ailəsi üçün də sığınacaq istəyə bilər. İmiqrasiya idarəsi 2 ay ərzində müsahibə təyin edir. Bu zaman müsahibəyə düzgün hazırlaşmaq, hüquqi dəstəyin olması çox vacibdir. Çünki müsahibə sığınacaq almaq üçün ən böyük şansdır.

 – Adətən, müsahibədə hansı tip suallar verirlər?

– Müsahibədə yoxlayırlar ki, şəxsin müraciət formasında yazdıqları düzdürmü… Müsahibə zamanı iki amilə diqqət yetirirlər: Biri budur ki, formada göstərilənlər arasında yalan varmı, ikincisi isə, göstərilən əsaslarla müraciətçiyə sığınacaq düşürmü. Əgər müsbət cavab olarsa, adama sığınacaq verilir, bir ildən sonra isə şəxs Green-card ala bilər. Əgər şəxsə mənfi cavab verərlərsə, onda imiqrasiya ilə bağlı məhkəmə prosesi başlayır. İmiqrasiya üzrə ixtisaslaşmış hakimlər var, işə onlar baxırlar. Qiymətləndirirlər ki, imiqrasiya məmuru şəxsə mənfi cavab verməkdə haqlıdır ya yox. Bu dəqiqə ABŞ-da imiqrasiya məhkəmələri bu tipli çoxsaylı işlərlə "yüklənib”. Ona görə də bəzən məhkəmə illərlə çəkir.

– Məhkəmədə hakim yalnız sənədlərlə tanış olub işə qiymət verir?

– Xeyr, adi məhkəmə prosesi necədirsə, burda da elədir. Yəni imiqrasiya idarəsini və müraciətçini təmsil edən vəkillər prosesdə iştirak edir, sorğu-sual aparılır. Sonra hakim qərar verir. Əgər bu hakimin də qərarı müraciətçini qane etməsə, sığınacaq almaq istəyən şəxsin apelyasiya verməsi üçün bir neçə məhkəmə instansiyası. Hətta şəxs Federal ali məhkəməyə qədər gedib çıxa bilər. Amma bu, nadir halda olur. Məhkəmə prosesi 5-6 il çəkə bilər. Amma bu da insan ömründən gedir. Ona görə də imiqrasiya İdarəsindən müsbət cavab almaq üçün düzgün hazırlaşmaq çox vacibdir ki, sığınacaq axtaran şəxs illərlə məhkəmə qapısı döyməsin. İmiqrasiya İdarəsində daha tez və daha asan sığınacaq almaq olar. Təkrar edirəm, müsahibəyə düzğün hazırlaşmaq, hüququ dəstəkdən istifadə etmək, sənəd və sübutları düzgün təqdim etmək sığınacağı elə birinci instansiyada almaq deməkdir.

– Sığınacaq almaq üçün ABŞ-ın xarici ölkələrdəki səfirliklərinə sığınmaq olarmı?

–  Səfirliklərə sığınmaq çox məhdud bir prosesdir. Təbii ki, səfirliyə girmək, ordan sığınacaq almaq çətindir. Üstəlik, səfirlik başqa ölkədə kiməsə necə sığınacaq versin? Düzdür, WikiLeaks-ın yaradıcısı Julian Assange Ekvador səfirliyinə sığınıb. Bu, nadir hallarda olur. Amma ümumilikdə bunun proseduru yoxdur. Gərək nə yolla olur olsun, adam ABŞ-a gəlsin. Hətta bəzən elə hallara rast gəlinib ki, adam sərhəddə çatıb, viza yoxlanışında özünü təhvil verir ki, mənim vizam yoxdur, sığınacaq istəyirəm. Hərçənd bu da çox çətindir. Bu zaman adamı imiqrasiya polisi saxlayır və həbs edir. Şəxsi həbsxanaya salmırlar, amma ətrafdan təcrid edirlər və sonra sorği-sual başlayır ki, doğrudanmı bu adamın həyatına təhlükə var, ya yox. Əgər şəxs inandıra bilsə, onda onu İmiqrasiya İdarəsinə göndərirlər və bu işə məhkəmə baxır. Uzun çəkən prosesdir. Məhkəmə qərarına qədər ona işləmək hüququ verilir ki, özünü dolandıra bilsin(amerikavekil.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR