Seçkiyə 2 gün qalıb, amma...- Binəqədidən reportaj (FOTOLAR)

img

21-12-2014 [14:52]


Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Görəsən, sakinlər yaşadıqları ərazidən bələdiyyə sədrliyinə namizədləri tanıyırmı? Onlar bu il seçkilərdə iştirak edəcəklərmi? Hazırkı bələdiyyələrin fəaliyyətindən razıdırlarmı?

 Bu suallara cavab tapmaq üçün üz tutduq Binəqədi qəsəbə bələdiyyəsinin ərazisinə. 

Bələdiyyənin inzibati ərazisinə C.Cabbarlı, Nizami, Ələkbərov, İsfahani, Bakıxanov, Ramazanov, Q.Qarayev, Axundov, Şirvani, Zərdabi, Gülüstan Zeynalov və digər küçələr daxildir. 

Söhbət etdiyimiz vətəndaşların əksəriyyəti bələdiyyə seçkilərindən xəbərsiz olduqlarını bildirdilər. Seçki prosesinin təbliğat-təşviqat mərhələsi olsa da nəzərə çarpmadığından gileyləndilər. 

"Prezident və parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyaları aparılmır, yaxud zəif aparılır. İlk media qurumusunuz ki, bələdiyyə seçkiləri ilə maraqlanırsınız. Televiziyalarda, radiolarda və qəzetlərdə, eləcə də internetdə bələdiyyə seçkiləri ilə bağlı məlumatlara rast gəlinmir. Mən seçki gününü sizdən öyrəndim. Plakatlara rast gəlməmişəm. Mən ictimai-siyasi proseslərlə maraqlanan adamam. Mən seçki abu-havasını hiss etmirəmsə, bu mənim nöqsanım deyil. Deməli, dövlət və namizədlər bələdiyyə seçkisində maraqlı deyillər. Yəni 5 ildən bir seçki keçirilməlidir deyə keçirirlər. Namizədlər arasında rəqabət yoxdur", deyə Eldar Muradov bildirdi.

O hazırda Binəqədi qəsəbəsi bələdiyyəsinin harda yerləşməsindən və sədrinin kim olmasından da xəbərsizdir.

"Bələdiyyənin hamıya cavabı bir olub: "Bu bizim səlahiyyətimizdə deyil"

Binəqədi sakini İlham Əliyev deyir ki, Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı təbliğat işləri zəif gedir: "Uzağa getməyək, qonşu ölkə olan Türkiyədə bələdiyyə seçkiləri ölkədə bayram kimi keçirilir. Bizim bələdiyyələr elə də böyük səlahiyyətə malik deyillər. "Jek" kimi bir qurumdur (gülür). Hətta Mənzil Kommunal Təsərrüfat Birliyinin əvəzinə bələdiyyəyə müraciət edənlər də olur. Çox güman ki, mən seçkidə iştirak etməyəcəm". 

Binəqədi qəsəbəsində müşahidə apararkən biz də insanların, nəqliyyatın sıx olduğu yerlərdə seçkiyə çağırış plakatlarına rast gəlmədik. Yalnız seçki məntəqələrinin qarşısında yerləşdirilmiş lövhələrdə seçki ilə bağlı plakat və elanları görmək olur.

Söhbət etdiyimiz Binəqədi qəsəbəsinin sakinləri hazırkı bələdiyyə sədrinin kimliyindən və onun fəaliyyətindən xəbərsiz olduqlarını bildirdilər. Sorğularımız zamanı yerli əhalinin bələdiyyələrin yaranma tarixi, ölkəmizdə onun statusu və səlahiyyətləri haqqında məlumatsız olduqları üzə çıxdı. 

"Mən eşitmişəm ki, problemi müxtəlif olan vətəndaşlar bələdiyyəyə müraciət ediblər. Bələdiyyənin hamıya cavabı bir olub: "Bu bizim səlahiyyətimizdə deyil". Səlahiyyətlərinin nədən ibarət olması da məlum deyil. Bələdiyyənin  səlahiyyəti məhduddursa, onun var olmasına gərək yoxdur. Bu qədər bələdiyyə üzvünə maaş verilməsi və seçkinin keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılmasının xeyri yoxdur"-deyə taksi sürücüsü Əli Babayev bildirdi.
 
"Həmin villaların sahibləri külli miqdarda pul verib elektrik xəttinin yerini dəyişdirib"

İkinci  qrup Qarabağ müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu Binəqədi qəsəbə bələdiyyəsinin onu aldatdığını iddia edir: "20 sentyabr 2007-ci il tarixdə, 561 saylı qərarla 600 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən torpaq sahəsi aldım. Deyirlər ki, torpaq sahəmdən elektrik xətti keçdiyi üçün qanunsuzdur. Mən alanda ordan heç bir xətt keçmirdi.  Mənim torpaq sahəmə yaxın ərazidə möhtəşəm villalar var ki, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçirdi. Həmin villaların sahibləri külli miqdarda pul verib elektrik xəttinin yerini dəyişdirərək, 50 metr qarşı tərəfə, yəni mənim torpaq sahəmin üzərinə yerləşdirdilər. Buna görə də mən torpağıma reyestr çıxarışı ala, üzərində tikinti apara bilmirəm. Bundan əlavə, mənə əvəzində başqa yaxın ərazidən torpaq sahəsi verilmir".
 
"Bələdiyyənin balansında bir qarış da torpaq sahəsi yoxdur"

Sakinlərin Binəqədi qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə bağlı məlumatsız olduğunu nəzərə alaraq, onlar üçün bu barədə məlumat öyrəndik. 

Binəqədi qəsəbə bələdiyyəsi 1999-cu ilin dekabrında keçirilmiş seçkilərdən sonra fəaliyyətə başlayıb. Bələdiyyənin ərazisi 164,0 ha təşkil edir.  Hazırda Binəqədi qəsəbə bələdiyyəsinin sədri Tamerlan Qurbanovdur.  

G.Ramazanov küçəsi 1 ünvanında yerləşən bələdiyyənin 6 daimi komissiyası, 6 şöbəsi və 20 işçisi var. 

Bələdiyyə sədrinin və sədr müavininin tədbirdə olduğu deyildiyindən biz bələdiyyənin Vergi şöbəsinin müdiri Əli Hüseynovla həmsöhbət olduq. O ikinci  qrup Qarabağ müharibəsi əlili Eldəniz Həşimovun problemi  barədə bunları dedi: "Bu vətəndaşın torpağı aldığı zamandan Binəqədi qəsəbə bələdiyyəsində 3 sədr dəyişib. Keçmiş sədrlərin gördüyü işlərin məsuliyyətini hazırkı sədrdən tələb etmək normal deyil. Bizim nəinki onun torpaq sahəsinin ölçüsünə uyğun torpaq sahəmiz, heç bir qarış da torpağımız yoxdur. Bələdiyyənin balansında satmaq, ya da əvəzləmək üçün torpaq sahəsi yoxdur. Balansda yalnız 174 hektar sahəsi olan köhnə kənd var".

Ramid İBRAHİMOV,
Bizimyol.info
fotolar müəllifindir
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR
Seçkiyə 3 gün qalıb, amma seçicilərin xəbəri yoxdur
  - FOTOLAR

Digər xəbərlər
SON XƏBƏRLƏR