Azərbaycan millisinin sabiq üzvü ağır durumda!

img

19-12-2014 [23:15]


Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan simalarından olub. "Turan” klubunun sabiq futbolçusu və baş məşqçisi  artıq üç ildir ki, səhhətində olan problemdən əziyyət çəkir. Son vaxtlar isə veteran futbolçunun durumu bir qədər də pisləşib.

Bu haqda Qol.Az saytına onun dostu Fikrət Məmmədov məlumat verib.

F.Məmmədov   bildirib ki, vaxtilə Azərbaycan millisinin də şərəfini qoruyan S.Alıyevin səhhəti getdikcə pisləşir:

"Sakitin müalicəsi əvvəlcə Bakıda oldu. Sonra onu bir neçə dəfə İrana apardıq. Ordakı müalicənin bir faydası olmadı. Artıq bir neçə dəfə də Tiflisə getmişik. İki həftədən bir Sakiti Tiflisə aparırıq ki, orda iynə vursunlar. Sabah yenə Gürcüstana gedəcəyik. Həmin iynələri vururlar ki, yaddaşı bərpa olsun. Əvvəllər 2-3 gündən bir Sakit özündən gedirdi. Son müalicələrdən sonra bir qədər yaxşılaşıb. Həkim bildirdi ki, Sakitin xəstəliyi futbol zamanı başından aldığı zərbədən yaranıb. Yaddaşı çox zəifləyib. Normal danışa bilmir. Həkimlər də bir söz deməyə çətinlik çəkir. Bildirirlər ki, beyin xəstəliyinə güclü müalicə lazımdır”.

S.Alıyevin maddi vəziyətinin də çox acınacaqlı olduğunu deyən F.Məmmədov karyerasının çox hissəsini keçirdiyi "Turan” klubundan heç bir  köməklik olunmadığını bildirib: "Qohumları köməklik göstərməsə, Sakitin vəziyyəti daha pis olardı. Keçmiş futbolçularından  Elvin Məmmədov və Vurğun Hüseynov  Tovuza gələndə maddi köməklik göstərirlər. Ancaq "Turan” klubunun rəhbərliyi  heç bilmir ki, Sakit ölüb, yoxsa sağdır. Bizə ən pis təsir edən də budur. AFFA tərəfindən də hələ ki, köməklik göstərən olmayıb. Ancaq inanırıq ki,  futbolda sağlamlığını itirən bir insana  AFFA tərəfindən də yardım göstəriləcək.  Sakit Alıyev futbola canını qoyub. O, Azərbaycan çempioatlarında 259 oyun keçirib. Müdafiəçi olmasına baxmayaraq,  38 qol vurub. Bir neçə dəfə Sakitin durumu mətbuatın gündəmində olub. Çoxları bildirdi ki, ona kömək edəcəyik. Ancaq heç  bir köməklik olunmadı. Ağlamaq fikrimiz də yoxdur. Sadəcə gözümüzün qarşısında Sakit kimi bir oğlan məhv olur. Niyə xarici ölkələrdən gələn futbolçulara külli miqdarda pul ödəyirlər. Axı Sakit futbola canını qoyub, uzun illər təmannasız futbol oynayıb. İki-üç nəfərdən başqa heç kim Sakitin durumu ilə maraqlanmır. Niyə yadlara kömək edirik, özümüzə yox”.

Xatıradaq ki, S. Alıyev 2011-ci ildə "Turan”ın məşqi  zamanı insult keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR