Müğənni Nazənin həbs oluna bilər

img

19-12-2014 [16:45]


Müğənni Nazənin və prodüseri Pərviz Abbasov haqqında cinayət işi açıla bilər. 

Anspress xəbər verir ki, adıçəkilən şəxslər müğənni Təranə Qumralın (İbrahimova Təranə Xeyrulla qızı) şikayəti əsasında Azərbaycan respublikasının Cinayət Məcəlləsinin "Böhtan” (147-ci maddə) və "Təhqir” (148-ci maddə) maddələri ilə məsuliyyətə cəlb edilə bilərlər. Təranə Qumralın nümayəndəsi Vüqar Səfərli sayta açıqlamasında prosesin iki istiqamətdə getdiyini bildirib: "Nazənin Rəhim qızı Salayeva və Pərviz Sakit oğlu Abbasova qarşı Cinayət məcəlləsinin 147 (Böhtan) və 148 (Təhqir) maddələri ilə iddia ərizəsi ilə Səbail məhkəməsinə müraciət olunub. Bu iddia ilə həmkarım məşğul olur.

Eyni zamanda şərəf və ləyaqətin təhqir olunması və dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə qaldırılmış mülki iddia Xətai rayon məhkəməsində baxılır. Mülki iddia üzrə qaldırdığımız iddianın növbəti məhkəməsi 26 dekabra təyin olunub.

Əslində Nazəninin Təranə Qumral haqqında səslə işlətdiyi ifadə böhtan xarakterli olmaqla yanaşı, şərəf və ləyaqətin alçaldılmasının fonunda ailə tamlığının pozulmasına və digər ağır fəsadlarla nəticələnə bilərdi. ANS TV-nin "Bazar səhəri” verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi ifadələr cinayət xarakterli olmaqla yanaşı, mülki iddia qaldırmağımıza əsas verir. 

Həmin verilişdə Nazənin Rəhim qızı Salayeva və Pərviz Sakit oğlu Abbasov telefon əlaqəsi yaradaraq, iddiaçırın ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə Xətai Rayon Məhkəməsinə müraciət olunub. Həmçinin Pərviz Abbasovun "Instagram” səhifəsində yerləşdirdiyi "Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə” ifadəsinin təkzib olunması iddia ərizəsində öz əksini tapıb. Hesab edirik ki, bu təhqirlər cəmiyyətdə onların barəsində mənfi rəy formalaşdırıb və Təranə xanımın işgüzar nüfuzunu, həmçinin şərəf və ləyaqətini ləkələyib”.

Qeyd edək ki, Böhtan və Təhqir Azərbaycan respublikası Cinayət Məcəlləsində öz əksini belə tapıb:

147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təhqir isə 148-ci maddədə belə xarakterizə edilir:

Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR