Müsabiqədə dava düşdü, nazir müavini araya girdi - Qalmaqal

img

19-12-2014 [12:56]


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elan olunmuş "Mənim elektron hökumətim” müsabiqəsinin nəticələri açıqlanıb. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat zamanı münsiflərlə iştirakçılar arasında dava düşüb. 

Müsabiqəyə qatılan "XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev münsiflərin qiymətləndirməsinin nəticələrini tələb edib: "Münsiflər heyətində Hamlet İsaxanlı, Cəsarət Valehli kimi peşəkarlar olub. Mən istəyirəm peşəkar Hamlet İsaxanlı ilə qeyri-peşəkar Azər Həsrətin mənim yazıma verdiyi qiyməti müqayisə edəm. Ona görə də qiymətləndirmələrin təqdim olunmasını tələb edirəm”.

A.Həsrət isə öz növbəsində Azərbaycanda ilk dəfə elektron poçt sistemi yaradan adam olduğunu deyərək E.Əliyevi "tərbiyəsiz” adlandırıb: "Sən kimsən ki, burada tərbiyəsizlik edirsən?”

E.Əliyevin müsabiqənin şərtlərinin pozularaq 4500-5000 işarəlik yazının qiymətləndirilməyə qəbul edilməsi ilə bağlı iradına isə MHM-in mətbuat xidmətinin rəhbəri Ruhəngiz Mehmanqızının cavabı belə olub: "Qiymətləndirmə müxtəlif meyarlar üzrə aparılırdı. Həmin yazı 6 min dəfəyə yaxın oxunmuşdu saytda, biz də bunu nəzərə aldıq”. 

Qeyd edək ki, müsabiqənin şərtlərində təqdim olunan yazıların oxunma sayına görə qiymətləndiriləcəyi göstərilməmişdi.

E.Əliyevlə A.Həsrət arasında yaranan söz davası təhqirlərlə nəticələndi. Mübahisə yalnız rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin işə qarışmasından sonra sakitləşdi.

E.Əliyev bizimlə söhbətində bildirdi ki, H.İsaxanlının adı münsiflər heyətində çəkilsə də, o qiymətləndirmədə iştirak etməyib(Tia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR