Hacı barışığa çağırdı, Rauf Arifoğlu və Fuad Qəhrəmanlı danışdı

img

18-12-2014 [19:35]


Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri  Əli Kərimliyə barışıq çağırışı edib. O, tərəfləri öz aralarındakı söz atışmasına son qoymağa çağırıb. 


Modern.az saytı ayrı-ayrılıqda tərəflərə müraciət edərək Hacı İlqar İbrahimoğlunun müraciətinə münasibət öyrənib. 

"Yeni Müsavat”  qəzetinin baş redaktoru Rauf Arifoğlu Modern.az-a açıqlamasında  tanınmış ilahiyyatçının müraciətinə belə reaksiya verib: 

"Bu münaqişədə mən heç zaman birinci olaraq kimisə təhqir edib və aşağılamamışam. Hər zaman Əli Kərimli və onun tərəfdarları mənə qarşı təhqirlərə yol veriblər. Proses bu dəfə də belə başlayıb və indi də o cür davam edir. Sadəcə olaraq, mən təhqir və söyüşlərə cavab verərəkən belə, çalışıram ki, qırmızı xətti keçməyim. Kimsənin yaxınlarına, çevrəsinə, ailə üzvlərinə toxunula biləcək ifadələr işlətməyim. Amma çox təəssüf ki, qarşı tərəf hər dəfə tam əksinə, mənim özümü kənara buraxaraq, yaşlı valideynlərimə, ailə üzvlərimə dil uzadırlar. Ona görə də  Hacı İlqar İbrahimoğlunun müraciəti daha çox qarşı tərəfə, söyüş söyənlərə aiddir. 
Hacı İlqarın həmin müraciətində mənə aid ola biləcək yalnız bir punkt var. O da "Azadlıq” qəzetinin məhkəməyə verilməsi ilə bağlıdır. Mən Hacı İlqar İbrahimoğlunun müraciətindən sonra yalnız bir şey edə bilərəm: gələn həftə, yaxud daha sonrakı günlərdə "Azadlıq” qəzeti ilə bağlı Yasamal rayon Məhkəməsinə etdiyim  müraciəti geri çəkə bilərəm. Hələ ki, bu proses baş verməyib. Qarşı tərəfin Hacı İlqar İbrahimoğlunun müraciətinə münasibətindən asılı olaraq mən də öz addımlarımı müəyyən edəcəyəm”.

"AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Hacı İlqarın müraciəti ilə bağlı dəqiq məlumatının olmadığını deyib: "Bu müraciətlə bağlı hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq onu qeyd edə bilərəm ki, yaranmış gərginliyin səbəbkarı Əli Kərimli deyil. Əli Kərimli bu prosesdə tərəf kimi heç vaxt iştirak etməyib. Bir dəfə də olsun Əli Kərimli Rauf Arifoğlu ilə bağlı hər hansı fikir bildirməyib. Sadəcə olaraq, Əli Kərimliyə qarşı "Yeni Müsavat” qəzeti hər gün təhqir dolu materiallar çap edir. Hətta iş o yerə çatıb ki, Xalq Cəbhəsi Partiyasının üzvləri məhkəməyə verilməklə hədələnir. Eyni zamanda, bildiyiniz kimi, "Azadlıq” qəzeti məhkəməyə verilib. Ona görə də Hacı İlqar daha yaxşı olardı ki, bu məsələdə Rauf Arifoğlunun tutduğu mövqedən geri çəkilməsinə nail olsun. Çünki bütün prosesi başlayan odur, "qara piar” kampaniyasını aparan Rauf Arifoğludur. Cəbhəçilər yalnız cavab verirlər. Hacı İlqarın müraciəti bir növ ATƏT həmsədrlərinin Ermənistan və Azərbaycan tərəfini sülhə çağırışına bənzəyir. Bu konfliktdə də birtərəfli qaydada "Yeni Müsavat” qəzeti Xalq Cəbhəsi və onun sədrini hədəf seçib. Hesab edirik ki, bu, təkcə Rauf Arifoğlunun təşəbbüsü  deyil. Sadəcə olaraq, hakimiyyətin sifarişi ilə hədəf seçiblər. Hakimiyyətin leksikonu ilə Xalq Cəbhəsi və onun lideri təhqir olunur. Ona görə də Hacı İlqar ilk növbədə Rauf Arifoğluna təsir göstərməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR