Ziya Məmmədov klanının ABŞ fiaskosu

img

15-12-2014 [11:36]


Azərbaycan hakimiyyəti ilə ABŞ arasındakı gərginlik təkcə iki ölkə arasındakı problemlərlə yekunlaşmır. 

Bu münasibətlərdəki gərginlik hakimiyyətin daxilinə də sirayət edib. "Yeni Müsavat”a çatan məlumata görə, son vaxtlar ABŞ-dan gələn ard-arda sərt bəyanatlar, üstəlik ABŞ Dövlət Departamentinin illik hesabatının dözülməz sərtliyi (hələ yayılmayıb) hakimiyyəti çox qəzəbləndirib.

Bu prosesə ictimaiyyətə bəlli reaksiyaların pərdə arxasında olduqca dramatik proses cərəyan edir. Məsələ sadədir: iqtidar düşərgəsində Amerika ilə işləyən hər bir kəs hazırda cavabdeh durumundadır. Onların hər birindən hesab sorulur. Buna siyasi hakimiyyətin əsası da var. Söhbət ondan gedir ki,  illərdir Azərbaycan hakimiyyəti ilə Amerika arasındakı qeyri-rəsmi münasibətlərə görə bir sıra şəxslər vasitəsilə milyonlarla dollar xərclənib. Bu paralar ABŞ-dan hakimiyyətə dəstək verilməsi üçün senatorlar, konqresmenlər və Amerikanın müxtəlif dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərlə iş birliyi adı altında sərf olunub. Azərbaycanın örtülü ödənəyindən bu istiqamətdə çoxsıfırlı məbləğlər götürülüb.  

Amma indi hakimiyyətə qarşı Amerikadan verilən sərt bəyanatların, etiraz və tələblərin qarşısına çıxacaq tək birsə dənə dəstək mətni yoxdur! Avropadan gələn tənqidləri balanslaşdıran bəyanat və açıqlamalar hər zaman olur. Lakin ABŞ istiqamətində aparılan lobbi fəaliyyətinin tam iflas olması göz önündədir. Üstəlik, belə bir dəstək bəyanatlarının lazım olduğu konkret olaraq ABŞ-dakı lobbi siyasətinə cavabdeh olan klana -  nazir Ziya Məmmədova israrla deyilib. Hələ ki, ortada fakt yoxdur...



Məhz bu səbəbdən hazırda Amerikaya qarşı aqressiv cavablar hazırlayan siyasi hakimiyyət həm də dünyanın bu mühüm ölkəsinin lobbi siyasətinə cavabdeh klanı "divara” dirəyib. Onlara konkret olaraq sorulub ki, hanı sizin illərlə apardığınız işin nəticəsi? Nə Qarabağ məsələsində, nə də konkret olaraq hakimiyyətə təzyiq məsələlərində kimsədən real dəstək yoxdur.

Qeyri-rəsmi "sanksiyaların” hədəfləri kimlərdir? İddialara görə, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov, xarici siyasətdə aparıcı fiqurlardan olan deputatlar Səməd Seyidov, Elxan Süleymanov və müxalifət adı ilə parlamentdə təmsil olunan bir partiya sədri ciddi qınanıb və məhkum edilib. Çünki daha çox məhz bu şəxslər hakimiyyət rəhbərliyinə verdikləri hesabatlarda Amerika ilə lazımi iş aparıldığını və gərəkən dairələri "zərərsizləşdirdiklərini”, eyni zamanda ABŞ-dan gələn etirazlara elə Amerikanın özündəcə əks arqumentlərin ortaya qoyulacağını bildiriblər. Həmçinin, bu cür işlər üçün milyonlar xərcləndiyi barədə məlumatlar veriblər və "ödəmələr” barədə "çek”lər təqdim ediblər. 



Bu gün ortaya çıxan real mənzərə isə bunun əksini göstərir. Hakimiyyət üçün ABŞ-la münasibətlər hər zaman önəmli olub və daha çox da bunun qeyri-rəsmi tərəflərinə diqqət edilib. İllər uzunu da bu münasibətlərin qeyri-rəsmi səviyyədə nizamlanmasına üstünlük verilib. Amma bu gün görünür ki, rəsmi münasibətlər bir yana, heç qeyri-rəsmi münasibətlərdə də hakimiyyət ABŞ-dan elə bir real dəstək ala bilmir. Əksinə, hakimiyyətə "filan dairələr bizim yanımızdadır” deyə tanıdılan çevrələr də onlardan üz döndərib, ortada heç bir real dəstək yoxdur. Buna görə də, bu məsələ ciddi müzakirə olunaraq, illərdir hakimiyyətə yalan Amerika vədləri verən şəxslərin cəzalandırılmasına,  bu işlərin isə başqa şəxslərə tapşırılmasına qərar verilib.



Hakimiyyət daxilindəki mənbələrdən sızan məlumata görə, bu qərar haqqında yazdığımız məsələdən sorumlu olan şəxslər üçün çox ciddi cəzalar olacaq. Onlar yalnız ABŞ-la münasibətlərlə bağlı məsələlərlə əlaqədar işlərdən uzaqlaşdırılmayacaqlar, həm də daxildə bir sıra rıçaqları əllərindən alınacaq.

Mənbəmiz bildirir ki, obrazlı desək, hazırda hakimiyyət daxilində bir ABŞ küləyi əsir və bu külək bir çox məşhur şəxsləri "aparacaq”.

Amerika ilə münasibətlərin düzəlməsi işinə isə bir sıra yeni şəxslər cəlb olunub. Hakimiyyətin bu məsələdə Amerikanın müxtəlif dairələrində müsbət qəbul edilən və müstəqil mövqeli kimi tanınan bir sıra şəxslərin də xidmətindən istifadə etmək niyyətində olduğu bildirilir. (musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub