İcra başçısı və məmurlara kəllə atan müavini haqda şok ittihamlar!

img

15-12-2014 [11:21]


Bərdənin icra başçısı Vidadi İsayev hazırda rəhbərlik etdiyi rayonda fəaliyyət göstərən bütün idarə müdirlərini intihar həddinə çatdırıb. 

Mia.az xəbər verir ki, bu barədə «Reytinq»ə rayonun idarə müdirlərindən biri məlumat verib. Onun sözlərinə görə, icra başçısı elə bir vəziyyət yaradıb ki, heç bir idarə müdiri Vidadi İsayevin qanunsuz «aylıq hesab» tələbindən kənara çıxa bilmir. Əks halda, icra başçısının kəllə atan müavini Vidadi İmanquliyevin zərbələrinə tuş gələ biləcəklərindən ehtiyat edirlər:

«Yəqin bu Vidadi İmanquliyevi Azərbaycan cəmiyyəti hələ də unutmayıb. Bu o adamdır ki, onun qanunsuzluğuna görə 19 aprel 2011-ci ildə rayonun Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev uşaqlarının gözü önündə özünə od vurub, intihar etdi. Həmin vaxtı rayonun Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində direktor işləyən Vidadi İmanquliyevlə dalaşan Cəmaləddin Paşayev öz həyətində, özü də körpə uşaqların gözü önündə üstünə benzin tökərək həyatına son qoydu. O zaman ölkə mətbuatının da gündəmində olan bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılsa da, Vidadi İmanquliyevə nəinki söz deyən oldu, hətta icra başçısı onu özünə müavin təyin elədi. Hazırda da o, Başçının müavini və İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir. İcra başçısının bu müavinə xüsusi qayğısının da özəl səbəbləri var. Bu, mövzumuza dəxli olmadığından hələlik təfərrüatlara toxunmuram. Amma bilməyiniz vacibdir ki, Vidadi İmanquliyev də icra başçısı Vidadi İsayevin «Boss» deyə xitab etdiyi şəxsin himayəsindədir. Həmin «Boss» deyilən şəxsin ən kiçik tapşırığı isə bu iki adam üçün hətta Prezident Administrasiyasından gələn tapşırıqdan da önəmli sayılır».

Müsahibimiz deyir ki, Vidadi İsayev və adıçəkilən müavini son üç il ərzində əslən Bərdəli olan məmurların günlərini qara gətiriblər: «Vəziyyət o həddə çatıb ki, icra başçısının 1-cvi müavini Vahid Qarayevin kurasiyasında olan bir çox müşkil məsələlərin "həlli” də Vidadi İmanquliyevə həvalə olunub. O isə Vidadi İsayevin «Qara kassa»sı rolunu ustalıqla oynayır. Hazırda Bərdədə idarə və müəssisələr büdcədən ayırmalar və gəlirlərə uyğun olaraq, «hesab»a oturdulub. Bu barədə bəzi xəbər portallarında da məlumat yayılıb. Ancaq görünən odur ki, Vidadi İsayev bunlardan nəticə çıxarmayıb. Tam əksinə, aydan-aya qanunsuzluqlarını daha da genişləndirir».

Vidadi İsayevin rayonun vəzifəli məmurlarını «yükləməsi»nə dair hələ iki il əvvəl, daha dəqiqi, Novruz bayramı ərəfəsində icra hakimiyyətində dava düşdüyünü xatırladan müsahibimiz rayondakı hazırkı vəziyyəti belə xarakterizə edib: 

«Həmin vaxtı Vidadi Isayev rayon rəhbərliyi ilə keçirilən müşavirədə 4 kəndin alaqapısını təmir etməyi həmin vaxtı rayonun Mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənova tapşırıb. Soltan Həsənov  icra başçısının bu tapşırığına kəskin etirazla cavab verib. Mübahisə o həddə çatıb ki, icra başçısı idarə müdirindən ərizəsini yazıb, işdən çıxmağı tələb edir. Ancaq Soltan Həsənov ondan abadlıq işləri üçün 200 min manat pul aldıqlarını uca səslə bəyan edərək, geri çəkilməyib. O, bunu həmin ərəfədə mətbuata müsahibəsində də təsdiqləmişdi. Və bu mübahisə zamanı Vidadi İsayevin adaşı olan müavini İmanquliyevin ona  kəllə atdığını da etiraf etmişdi.

Ancaq bu hadisədən sonra Soltan Həsənovu vəzifəsi ilə vidalaşmağa məcbur etdilər. Yəni sözüm bundadır ki, həmin vaxtdan idarə müdirlərinin müqaviməti qırıldı.  Və onların hamısı Vidadi İsayevin «aylıq hesab» siyahısına əməl etməyə başladılar

Bu gün Bərdədə elə idarə müdiri var ki, bu haqsız tələb qarşısında zamansa həbsxanaya düşəcəyini  açıq şəkildə dilə gətirir. Amma təbii ki, Vidadi İsayev üçün kimin türməyə, kimlərin ailələrinin ağlar günə düşməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, Vidadi İsayev müavini Vidadi İmanquliyev yeni planlar üzərində xəyallar qururlar. Hətta rayonda belə söhbətlər gəzir ki, Vidadi İmanquliyev icra başçısı Vidadi İsayevlə "Boss" dedikləri şəxsin dəstəyi ilə yaxın aylarda ya Oğuz, ya da Samux rayonlarından birinə icra başçısı göndəriləcək».

Yazıda adıçəkilənlərin mövqeyini də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR