Ramil Usubov əmr verdi, qaydalar dəyişdi - Qərar

img

14-12-2014 [09:46]


Daxili işlər nazirli Ramil Usubovun əmri ilə "Yol-patrul xidməti haqqında” Təlimata bir sıra dəyişikliklər edilib. Dəyişiklik 27 niyabr 2014-cü il tarixindən qüvvəyə minib.

Texniki xarakter daşıyan bu dəyişikliklər sürücülərin qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilməsinin yeni elektron sənədləşmə qaydasını bu Təlimata da daxil etməyə yönəlib. 

Məlumdur ki, 2 may 2014-cü ildə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə sürücülərin törətdikləri qayda pozuntularına görə məsuliyyətə cəlb edilməsinin elektron qaydada sənədləşdirilməsi ilə bağlı xeyli dəyişikliklər edilib. Həmin dəyişikliklər əsasən video və foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar olunan qayda pozuntularının sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilməsini nəzərdə tutur. 

Bu dəyişiklikdən sonra bütün radarlar və nəzarət kameraları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalı və onların qeydə aldığı qayda pozuntuları real vaxt rejimində elektron formada birbaşa olaraq bu Sistemə ötürülməlidir. Qeydə alınan qayda pozuntularının rəsmiləşdirilməsi üçün sürücünün DYP orqanına çağırılması qadağan edilir və sənədləşmə yalnız elektron qaydada edilərək sürücüyə məlumat göndərilməlidir.

Dayanma və durma qaydalarını pozan sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası ilə bağlı yeniki də Təlimata daxil edilir.  Dayanma və durma qaydalarını pozan sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, DYP-nin patrul avtomobilində quraşdırılmış bort-kompyuter vasitəsilə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta törətmiş şəxsin iştirakı olmadan nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Dayanma və durma qaydalarını pozan sürücünün nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.

Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin 2 aydan artıq müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Daxili İşlər Nazirliyinin mühafizə olunan duracağına gətirilibsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə YPX inspektoru tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında” Qanuna edilmiş bir sıra dəyişikliklər də Təlimata əlavə edilmişdir.

Bu dəyişikliklər sırf texniki xarakter daşıyır, çünki onlar "Yol-patrul xidməti haqqında” Təlimatın bir neçə ay əvvəl qüvvəyə minmiş qanunlara uyğunlaşdırılmasına yönəlib. Amma Təlimata edilən bu dəyişikliklər çoxdan qüvvəyə minsə də, hələ ki, təcrübədə tətbiq edilməyən yeniliklərin nəhayət ki, icrasına təkan verə bilər(avtosfer.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR