Bin Ladeni aradan götürən qrupdan daha bir müdhiş əməliyyat - VİDEO

img

27-11-2014 [20:51]


"ABC” bildirir ki, ABŞ xüsusi təyinatlı hərbi birləşməsi Yəmənin şimalında "əl-Qaidə”nin mağarada girov saxladığı şəxsləri azad etmək üçün əməliyyat keçirib. Əməliyyat zamanı 7 terrorçu öldürülüb, 8 nəfər girov isə azad edilib. Hərbçilər və girovlar helikopterlər vasitəsi ilə ərazidən çıxarılıb. 

Yəmən hökuməti bildirib ki, Hadhramaut vilayətində keçirilmiş əməliyyata bu ölkənin anti-terror qrupu da qatılıb. ABŞ hərbçilərinin bu əməliyyatda iştirakı barədə isə ilk xəbəri "The New York Times” yazıb. 

Xəbərdə bildirilir ki, azad olunan girovlardan yalnız 1 nəfər amerikalıdır. Hərbi əməliyyatda əsas hədəf isə 5 nəfər olub. Onlardan biri amerikalı jurnalistdir. Ancaq nəzərdə tutulmuş şəxslər  bu əməliyyatdan bir neçə gün əvvəl başqa yerə köçürülüb. Digər girovlar isə əsasən Yəməndədir. Aralarında Səudiyyə Ərəbistanından olan da var.  

"ABC” bildirir ki, bu əməliyyatı Pakistanda bin Ladeni aradan götürən və "SEAL Team Six” kimi tanınan hərbi birləşmə həyata keçirib. Yəmən hökuməti ABŞ-a ölkə ərazində terror əməliyyatları keçirməyə icazə verib. Amerika tərəfi Yəməndə daha çox pilotsuz uçaqlardan (droun) terror şəbəkəsinə qarşı istifadə edir. 

O da qeyd olunur ki, hazırda Yəməndə şiə üsyançıları xeyli aktivdir. Onlar ölkə paytaxtı Sananın bir hissəsinə nəzarəti nə vaxtdır ki, ələ keçiriblər. Ölkədə sünni terror təşkilatları da müxtəlif əraziləri ələ keçirib. Hökumətə bağlı hərbi birliklər isə həm şiə üsyançılara, həm də sünni terrorçulara qarşı savaş içindədir. 

Vəziyyətin mürəkkəbliyini nəzərə alaraq, ABŞ səfirliyi paytaxt Sanada personalın sayını kəskin şəkildə azaltmalı olub. 

Elbəyi Həsənli, 
Musavat.com





Digər xəbərlər
SON XƏBƏRLƏR