Ana ölümü ilə bağlı cinayət işi açıldı

img

26-11-2014 [17:46]


Azərbaycan səhiyyəsi nə qədər inkişaf etsə də, hələ də dünyaya gəlməmiş körpələri ana qatilinə çevirən həkimlər  var. Oktyabrın 24-də  İsmayıllı rayon mərkəzi xəstəxanasında ana doğuş zamanı ölüb. Rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. 

Xəstəxananın baş həkiminin müavini Abdullətif Maqsudov APA-ya bildirib ki, doğuşu həyata keçirən mama-ginekoloq Məlahət Hüseynova tibbi şuranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb.
 
A. Maqsudovun sözlərinə görə, 31 yaşlı Afət Ağayevanın hamiləliyinin gedişi və doğuş normal keçib: "Qadının vəziyyəti doğuşdan 5 dəqiqə sonra qəflətən pisləşib, kəskin qanaxma olub və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Ölümün daha dəqiq səbəbi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyindən sonra məlum olacaq.

 Ailə üzvlərinin APA-ya verdikləri məlumata görə, bu, mərhum Afət Ağayevanın dördüncü hamiləliyi olub və sonuncu doğuşa qədər onun səhhətində heç bir narahatlıq olmayıb.

 Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparılır. 



Digər xəbərlər
SON XƏBƏRLƏR