Sabiq maliyyə naziri yeni təşkilatını təqdim etdi

img

26-11-2014 [16:00]


Bu gün sabiq maliyyə naziri Fikrət Yusifov yeni yaratdığı "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin təsis olunmasına dair ilk mətbuat konfransı keçirib. 

Tədbirdə çıxış edən F.Yusifov bu ilin oktyabrında dövlət qeydiyyatına alınan təşkilatın yaranma səbəbləri və gələcək fəaliyyəti haqqında geniş məlumat verib. Uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu vurğulayan F.Yusifov bildirib ki, bununla belə Azərbaycanda gedən iqtisadi prosesləri diqqətlə izləyib. Onun sözlərinə görə, dünyanın ağır maliyyə böhranı keçirdiyi dövrdə Azərbaycan bütün sahələrdə iqtisadi sıçrayış əldə edib: 

"Əhalinin gəlirlərinin artması, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yer alması danılmaz faktdır. Belə şəraitdə iqtisadçı-alim olaraq proseslərdən kənarda qalmağım, ölkəmin hərtərəfli inkişafına dəstək vermək arzumla mütənasiblik təşkil etmirdi. Hər bir vətəndaş ölkənin rifahına çalışmalıdır, bacarıqlarını sərf etməlidir”. F.Yusifov vurğulayıb ki, yeni yaradılan təşkilatın əsas məqsədi Azərbaycanın iqtisadi islahatlarında bir qeyri-hökumət təşkilatı olaraq yaxından iştirak etməkdir: "Bu sahədə cərəyan edən prosesləri dərindən təhlil edib, qərəzli yanaşmadan, siyasiləşdirmədən obyektiv qiymət vermək olacaq. Böyük işlər gedən yerdə nöqsanlar da olur. Biz bu nöqsanları da açıqlayacağıq. Həmçinin, əsas reallığın nədən ibarət olduğunu şəffaflığı ilə vətəndaşlarımıza, eyni zamanda Avropa və Qərb dövlətlərinə göstərməkdir”. 

 Keçmiş nazir təşkilatın devizini də açıqlayıb: "Hər şeyi olduğu kimi göstərmək. Biz nöqsanları sadəcə sadalamaqla işimizi bitmiş saymaq fikrindən uzağıq. Məqsədimiz proseslərə elmi və praktiki baxımdan nüfuz etmək, konkret təkliflər verməkdir. Bu halda nəticələr daha səmərəli olar. Biz həm də media ilə sıx əlaqə quracağıq. Təşkilatımızın bir layihəsinə siz jurnalistlərlə birgə start verəcəyik”. 

 F.Yusifov deyib ki, bəzən Azərbaycan iqtisadiyyatı ilə bağlı gülməli təhlillər edilir: "Bu yaxınlarda bir yazı oxudum. Başlıqda "Neft Fondu talan edilir” yazılmışdı. Yazının içində müəllif 4 dəfə özü-özünü təkzib edib”. 

 Jurnalistlərin suallarını cavablandıran təşkilat rəhbəri bildirib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın ehtiyatları var: "Azərbaycanın imkanı var ki, bu vəziyyətdən çıxa bilsin və ehtiyatları var. Neft Fondunun gəlirləri investisiyalara qoyulur. İlk növbədə qeyri-neft sektorunu yaratmaq lazımdır. Bunun üçün başqa layihələr reallaşdırılmalıdır. Üç il ərzində hər ilə 2,7 faiz büdcənin neftdən asılılığı azalıb. Mən bunu inkişaf hesab edirəm. Üç ildə 7, 8 faiz büdcənin neftdən asılılığı azalması, yaxşı nəticədir”. 

 Sabiq nazir qeyd edib ki, büdcə vəsaitlərinin istifadəsində çatışmazlıqlar olub: "Mən nazir olduğum dövrdə də nöqsanlar olub. Bunu tamamilə qarşısını almaq real deyil. Rusiyada olan iqtisadi prosesləri də bilirəm. Onlarda da proseslər gedir”. 

Publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR