Bakıda məscid yandırıldı, komitə sədri reaksiya verdi

img

26-11-2014 [14:35]


Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər. Məsciddə yanğının baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat bu gün saat 02:38-də daxil olub.

İlkin məlumata görə, ümumi ərazisi 300 kv. olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qaraçuxur qəsəbəsindəki məscidin axundu KİV-ə açıqlamasında deyib ki, 2 naməlum şəxs məscidin şüşələrini sındıraraq qəsdən yanğın törədiblər. Hətta məscidi yandıranlar gözətçiyə güc də tətbiq ediblər. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub.

*** 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.

 M.Qurbanlı APA-ya açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədri müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir. M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: "O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”. Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR