“Şirvan OİL”: “Yazılanlar əsassızdır...”

img

26-11-2014 [12:22]


"Şirvan OİL" Neft Şirkəti ilə bağlı Mia.az-da yayımlanan xəbərlərə sözügedən şirkətdən rəsmi cavab gəlib. 

Mia.az kiçik ixtisarla qarşı tərəfin mövqeyini də oxucuların diqqətinə çatdırır.

Beləliklə sözügedən şirkət rəhbərliyi Mia.az-da yayımlanan xəbərlərdəki faktların doğru olmadığını bildirib: 

"Yazılarda qeyd olunub ki, şirkətə məxsus olan texnikalar guya yarasız vəziyyətdədir. Bundan başqa saytınız xəbər yayıb ki, guya texnikalara lazım olan ehtiyyat hissələri başqa şirkətlərdən baha qiymətə alınır və sənəd üzərində böyük yeyintilərə yol verilir. Əslində bu ümumiyyətlə, mümkün olan hal deyil. Sizə yanlış məlumat verən həqiqəti elə bir səviyyədə təhrif edib ki, hətta şirkətin sürücülərinin guya texnikaya aid olan hissələri öz şəxsi vəsaiti hesablarına aldığı da vurğulanıb. Bunlar artıq izahı olmayan sadəcə ucuz böhtandır. 

Bu və digər əsası olmayan xəbərlərlə bağlı bildiririk ki, bu deyilənlər tamamilə yalan və əsassızdır.

 Ən əvvəl qeyd edək ki, şirkətimizə 20-yə yaxın yeni texnika alınıb. Şirkətin işçiləri çox savadlı və işgüzardır. Hazırda 8 işçi Rusiyada, 50-yə qədər işçi isə Azərbaycanda təhsil alır. Bu gün texnikalarımızın səliqəli, təmiz saxlanılmazı üçün şirkət tərəfindən avtoyuma sexi tikilib istifadəyə verilib. Şirkət rəhbərliyinin uzaqgörənliyi sayəsində yeni yanacaqdoldurma məntəqəsi tikilir və yaxın günlərdə istifadəyə veriləcək. Bundan başqa texnikalarımızın təmiri üçün müasir üslubda avtotəmir sexi tikilərək, sürücülərin istifadəsinə verilib

Bundan əlavə, nəzərinizə çatdırırıq ki, "Şirvan OİL”də heç bir şirkətdə olmayan bir ilkə də imza atılıb. Belə ki, avtomobillər üçün yeni qazanxana tikilir və bu da qış mövsümündə sürücülərin maşının qızdırlmasında əziyyət çəkməmələrinə görədir. Bir sözlə, saymaqla bitməyən uğurlarımız vardır.

 Onu da qeyd edək ki, bu gün şirkətimizdə ehtiyyat hissələri üçün baza da yaradılıb. 

Sonda onu da xüsusi vurğulayaq ki, "Şirvan OİL" Neft Şirkətinin işçiləri hər zaman dövlətin və şirkətin qayğısı ilə təmin olunub və bundan sonra da bu proses davam etdiriləcək. Bir neçə nəfərin sözü ilə bu şirkətə qara yaxmaq olmaz, çünki bu şirkət bir neçə nəfərdən ibarət deyil. 

Odur ki, kiminsə əsası olmayan böhtan xaraketli məlumatlarına görə, görülən işlərə kölgə salmaq və şirkət rəhbərliyinin nüfuzuna xələl gətirmək yaxşı hal deyil”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR