Nazir əmr verdi, əməkdaşlar rayona ezam olundu

img

26-11-2014 [11:46]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti bu il dekabrın 3-ü və 5-i aralığında daha 6 rayonda (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab) davam etdiriləcək. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada dekabrın 3-də Şirvan və Hacıqabul, dekabrın 4-də Sabirabad və Saatlı, dekabrın 5-də isə İmişli və Zərdab rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək.

Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan şəxslər artıq qeydiyyata alınıb. Üç gün ərzində həmin şəxslər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər. 

Ötən ilin sonlarında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 800 nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR