Türkiyədəki diaspor təşkilatları girovlarımızla bağlı etiraz bəyanatı yaydı

img

25-11-2014 [19:13]


Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin işğal altındakı Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz bəyanatı yayıblar.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, bəyanatda girov götürülmüş azərbaycanlılar üzərində ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağda qurulan qondarma məhkəmə prosesinə etiraz edilir.  

Bəyanatda bildirilir ki, ermənilərin sərhədləri pozmaqda ittiham etdikləri Dilqəm Əsgərov və Şahbaz Quliyev əslində doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etmək, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə getmişdilər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Həmçinin Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftar etdiyi, ermənilərin girov götürdükləri Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdikləri, digər girovları da mənəvi, fiziki işgəncələrə məruz qoyduqları diqqətə çatdırılır.

Diaspor təşkilatları dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırırlar: "Dünya Ermənistanın bu işğalçı siyasətinə "dur” deməli  və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır”.

Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür ve Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR