Qarabağ İranda müzakirə olundu

img

25-11-2014 [09:21]


İran səfərində olan baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 24-də İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri ilə görüşüb.

Əli Həsənov qeyd edib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa edən Azərbaycan elan edilməmiş müharibəyə cəlb olunub: "Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etdi və orada yaşayan azərbaycanlılar doğma yurdlarından didərgin salındılar. Bunun nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün meydana gəldi. Məhz bu dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi Azərbaycan xalqına böyük yardımlar göstərdi. Azərbaycanda humanitar layihələrə təxminən 43 milyon dollar həcmində yardım göstərən İmdad Komitəsinin humanitar fəaliyyətini xalqımız heç vaxt unutmayacaq”.

Baş nazirin müavini deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə baxmayaraq Dağlıq Qarabağ problemi hələ də öz həllini tapmayıb: "Dünyada mövcud olan ikili standartlar siyasəti bu münaqişənin həll olunmasına imkan vermir. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında dörd qətnaməsi var. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmir və dünya birliyi bu ədalətsizliyə göz yumur.

Bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə daha çox müsəlman ölkələrində qanlı münaqişələrin baş verdiyini görürük. Azərbaycan da müsəlman ölkəsidir və bu acınacaqlı mənzərə bizi narahat etməyə bilməz. İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər. Ona görə də İranla Azərbaycan bütün sahələrdəki əməkdaşlıq əlaqələrini daha da genişləndirməlidir. İran və Azərbaycan elə yüksək səviyyəli dostluq əlaqələrində olmalıdır ki, heç bir qüvvə bu dostluğa zərər vura bilməsin”.

Hüseyn Ənvəri deyib ki, İranla Azərbaycan arasında hər şeydən əvvəl dini və mənəvi əlaqələr mövcuddur: "Bu əlaqələr maddi varlıq üzərində qurulmayıb, insani və dini dəyərlərə söykənib. Odur ki, bu dostluğu pozmaq olmaz. İran həmişə din qardaşlarına təmənnasız yardım etməyə hazırdır. Lakin Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil, ölkə iqtisadi cəhətdən yüksək sürətlə inkişaf edib, dünyada layiqli yerini tutub. Biz qonşu və dost dövlət olaraq Azərbaycanın uğurlarına sevinirik”(AzerTac). 

Digər xəbərlər
SON XƏBƏRLƏR