Məcburi köçkün özünü yandırmaq istədi, icra başçısı öhdəlik götürdü (Video)

img

25-11-2014 [08:38]


Səbrini basa bilməyən məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına gələrək həyəcanlı anlar yaşadıb. Belə ki, Məlikovlar ailəsinin xanımı özünü yandırmaq istəyib. Amma o, bu istəyinə nail olmayıb. Bəs onlara kömək əli uzadan olubmu?

ANS TV-nin məlumatına görə, bir əlində benzin, bir əlində kibrit özünü yandıracağını deyən Nəcibə Məlikova əslən Ağdamdan olan məcburi köçkündür. Onu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına gətirən səbəbsə 4 nəfərlik ailəylə kirayə qaldığı evdən çıxarılmasıdır. Deyir ki, imkansızlıqdan son iki ayın kirayə haqqını ödəyə bilməyiblər, belə olan təqdirdə isə ev sahibi onları küçəyə atıb. Bu səbəbdən soyuğun iliyə işlədiyi bir vaxtda körpə uşaq, hamilə gəlini və vərəm xəstəsi olan oğlu ilə küçədə qalıb. Ona görə də komitə tərəfindən hələ bir neçə ay bundan əvvəl onlara vəd verilən mənzili tələb edirlər.

"Bizi aldatdılar ki, avqust ayına kimi ev veriləcək. Amma avqustda ev verilmədi. İndi isə qalmışıq belə. Hər gün bura gəlirəm. 100 manat pensiya alıram. Bu günə kimi aldığı pensiyam ilə 1 kq ət alıb yeyə bilmirəm” – deyə şikayətçi Nəcibə Məlikova bildirib.

Bütün bu baş verənlərdən əsəbləri pozulan xanım, ətrafındakıların ona göstərdiyi reaksiyaya özünü yandırmağa cəhdlə cavab verdi. Bu xoşagəlməz əməlin ona və yaxınlarına necə baha başa gələ biləcəyini heç düşünmədən.

Amma zamanında onu bu işdən uzaqlaşdıranlar tapıldı. Vətəndaşın probleminə tapılan çarəyə isə komitənin şöbə müdiri Sənan Hüseynov aydınlıq gətirdi. Qurum rəsmisi bildirdi ki, sözügedən ailə dəfələrlə komitənin qəbulunda olub və onlara mənzillə təmin oluncağı vədi verilib. Çünki həmin ailə şəhid ailəsidir və mənzil bölgüsü olanda onlar birinci nəzərə alınacaq.

Sənan Hüseynov deyir ki, Ağdamda biz ona təklif vermişdik, sadəcə olaraq o, onun qəbul etmədi: "O, Bakı və Bakıətrafında evlə təmin olunmasını istəyir. Hazırda mənzil fondu olmadığı üçün təmin oluna bilmir. Sadəcə olaraq müəyyən bir dövrə qədər onun kirayə haqqının ödənilməsilə bağlı icra hakimiyyəti öz üzərinə götürüb”.

Daha sonra Sənan Hüseynov Ağdam rayon icra başçısı Raqub Məmmədovla əlaqə saxladı. Və razılığa gəlindi ki, ailənin yaşadığı evin kirayə haqqı onlar mənzillə təmin olunana qədər icra hakimiyyəti tərəfindən ödənilsin. Bu öhdəliyi rəsmən öz üzərinə götürən icra başçısı kirayə haqqının aybaay ödənilməsində heç bir problem olmayacağını vəd verdi. Hər halda komitə müvəqqəti də olsa bu problemin həllini tapdı. Nəcibə xanımsa bir qədər də səbr etməlidir, yeni mənzilində ömür sürmək üçün.


Digər xəbərlər
SON XƏBƏRLƏR