“Azəristiliktəchizat”a ayrılan vəsaitlər hara xərclənir? - Hərəkat açıqlama yaydı

img

21-11-2014 [10:17]


Qış qapını döysə də, binaların istilik sisteminin hələ də təmin edilməməsi insanların narazılığını artırıb. Artıq "Azəristiliktəchizat” ASC-nın yarıtmaz fəaliyyətindən "Ağ Yol" Vətəndaş Hərəkatı da açıqlama yaymaq məcburiyyətində qalıb.

Mia.az həmin açıqlamanı olduğu kimi təqdime edir:

"İlham Əliyev: "Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq”. 

Cənab Prezident, çox sağ olun ki, Siz bunu həll etmək üçün çalışdınız və fərman imzaladınız, vəsait ayırdınız. Amma keçən dövr ərzində ortada çox ciddi nəticələr yoxdur.

Artıq neçə illərdir ki, "Azəristiliktəchizat” diş çöpü ilə qəbr qazır. Hər il məsul şəxslər çıxıb bəyan edirlər ki, istilik problemi olmayacaq. Amma hər il olub və bu il isə problemlər ötən ildəkindən daha çoxdur. Binalara verilən istilik demək olar ki, çox zəifdir. Məktəblər, uşaq baxçaları və xəstəxanalar da lazım qaydada qızdırılmır. İstilik rəsmi olaraq 15 noyabrdan verilsə də, elə məktəblər var ki, bir həftə gecikmə ilə verilib.

Dövlət istiliyin təmin olunması üçün milyonlarla vəsait xərcləyir. Bəs bu vəsait hara gedir? Yəqin ki, ortada ciddi korrupsiya halları və ciddi məmur məsuliyyətsizliyi var.

Bu gün Azərbaycan inkişaf etmiş ölkə statusu almaq üçün səylər göstərir. İnkişaf etmiş ölkələrin milyonlarla binası, məktəbi, xəstəxanaları davamlı olaraq sabit istilik sistemi ilə təchiz edilir. Azərbaycanda da Cənab Prezidentin bu məsələyə ciddi önəm verdiyini bilirik. Bəs nədən "Azəristiliktəchizat” üzərinə düşən vəzifəni yerinə yetirmir?

Biz "Ağ Yol" Vətəndaş Hərəkatı olaraq əhalidən yüzlərlə şikayət məktubu alırıq. Onlar "Azəristiliktəchizat” ASC-dən çox narazıdırlar və bu gün yerinə düşər ki, bu qurum ciddi islahatlara məruz qalsın və məsul şəxslər ciddi şəkildə cəzalandırılsın və auditə məruz qalsın.

Kiçik bir ölkəni vəsaiti ola-ola istilik ilə təchiz etməyi təşkil edə bilməyən bir qurum istefaya getməlidir. Hazırda dünyada çox qənaətcil texnologiyalar mövcuddur və bir il ərzində bütün Azərbaycanı istilik ilə təchiz etmək olar. Az qala 10 ilə bu işi yerinə yetirə bilməyən bir qurum yenidən qurulmalı və bacarıqlı şəxslər isə rəhbərliyə gətirilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR