Ağdamda şöbə müdirinin görünən və görünməyən özbaşınalıqları

img

20-11-2014 [20:34]


Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürova rayonun ümumtəhsil məktəblərindəki cinayətləri ilə milyonlar qazanmaqla təhsili məhv edir. Şagird olmadan "papka” məktəblərin saxlanılması, həmin məktəblərə qanunsuz olaraq müəllim təyin etməsi, bir binada üç məktəbin fəaliyyətinə şərait yaratması Şükürovanın qanunsuz əməllərində adi hal sayılır.

Məlumata görə, bir müddət əvvəl Maliyyə Nazirliyinin Ağdam rayon Təhsilində yoxlama aparmaq məqsədilə rayona ezam etdiyi Mais Allahverdiyev və Ramiz Sarıyev adlı şəxslər Şükürovanın sənəd üzərində saxladığı, şagirdi olmayan, işçiləri isə bir ailənin üzvü olan 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı, 93 saylı, 119 saylı, 115 saylı, 22 saylı, 27 saylı,108 saylı məktəblərdə yoxlama aparmaq əvəzinə təhsil şefinin diktəsi ilə "pul qopartmaq” istədiyi məktəblər üzərinə göndərib: "Təhsil Şöbəsində əsas iş icraçısı olan Bayram Məmmədovun həyat yoldaşı Ətayə Məmmədova 5 saylı köçkün tam orta məktəbin direktorudur. 5 saylı köçkün tam orta məktəbi isə Bərdə rayonunda Şirvanlı kəndində fəaliyyət göstərib. Bildirilir ki, əslində məktəb sənəd üzərində fəaliyyət göstərib. Çünki 2013-cü ildən həmin ərazidə məskunlaşmış ailələr Bərdə rayonun salınmış köçkün qəsəbələrinə köçürülüblər.

Məktəbin şagirdləri 1 saylı köçkün məktəbində təhsil aldıqları halda 5 saylı məktəb Şirvanlı kəndində sənəd üzərində fəaliyyət göstərib. Bayram Məmmədov həmin məktəbin siniflərini Xındırıstan kənd tam orta məktəbin şagirdləri hesabına formalaşdırıb. Belə ki, Xındırıstan kəndində yaşayan və həmin kənddə ayrı-ayrı siniflərdə təhsil alan şagirdlərin adı eyni zamanda 5 saylı köçkün tam orta məktəbində gedib. Maliyyə Nazirliynin reviziyaları istərsə, bu özbaşınalığı və büdcə talançılığını istənilən zaman aşkar edib ortaya qoya bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışında iştirak etdiyi İmamqulubəyli qəsəbə məktəbində 2014-2015-ci tədris ilində qanunsuz olaraq bir binada 3 məktəb yerləşdirməklə yanaşı qəsəbənin klubunda isə heç bir zərurət olmadan Təhsil Naziri Mikayıl Cabbarovun məktəblərin rasionallaşdırılması haqqında əmrini kobud şəkildə pozaraq həmin məktəblərin şagirdləri hesabına Ətayə Məmmədovaya məktəb açıb.

Məlumata əsasən Bayram Məmmədovun 5 saylı məktəbi şəxsi mülkü hesab edir və hər ay həmin məktəbdən 8 min manat gəlir əldə edir. Adları həmin təhsil müəssisəsində müəllim olaraq gedən şəxslərin isə 5 saylı məktəbdə işləmələri barədə heç bir məlumatları yoxdur. Bildirilir ki, həmin müəllimlərdən bəziləri Gəncə şəhərində avtomobil zavodunda, bəziləri isə Bakı şəhərində ayrı-ayrı müəssisələrdə çalışırlar.

Qeyd edək ki, Bayram Məmmədov Elmira Şükürovanın qaynıdır.

Ağdam Təhsil Şöbəsinin müdiri E.Şükürova sabiq maliyyə müdiri, "dostu” Elşad Əhmədovla iş birliyinə gedərək "papka" məktəb və məktəbdənkənar müəssisə saxlayaraq həmin məktəblərdən gələn gəlirləri birgə mənimsəmişlər. Elmira Şükürova saxta yolla şagird "pripiska"sı ilə saxladığı 28 saylı, 29 saylı, 30 saylı məktəblərə Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarından saxta diplom almış müəllimləri yerləşdirməklə rayon təhsili dizi üstə qoyub. Hazırda Maliyyə Nazirliyinin Ağdamın ümumtəhsil məktəblərində Şükürovanın müəyyənləşdirdiyi məktəblərdə yoxlama aparan Mais və Ramiz adlı revizorları "yola salmaq” üçün rayon ümumtəhsil məktəb direktorunun hər birinə məktəbin müəllim sayından asılı olaraq 3-5 min manat pul gətirməsini tapşırıb. Eyni zamanda saxta diplomlu müəllimlərin pulunun geri ödənilməməsi adı ilə hər bir direktora ayrıca hesab qoyulub. Şükürovanın bu özbaşınalıqlarına dözə bilməyən müəllimlər Təhsil Naziri Mikayıl Cabbarova kütləvi müraciətə hazırlaşırlar"(Cia.az).

Qarşı tərəfi də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR