Abdulla müəllim, “Ana” və bizim futbol

img

31-10-2014 [12:30]


Emin Tarverdiyev email: [email protected]

Bu aralar işlərim çoxdu deyə, yaza bilmirdim. Hər şeyin pik vaxtında da Valeri Onile adlı Azərbaycanda top qovmuş biri idman mətbuatımızı zəbt edib. Ayıbdı ə, adam kişi olar. Gəldin oynadın, pulunu qazandın, suyunu içib, havasını aldın, getdin - bəsindi. Ta arxadan danışmaq nəyə lazımdı? Heç bilirsən bizdə beləsinə nə ad verirlər? Bilsən, bağrın çatlayar. 
Kişinin yanında baş kəsərlər. Nə yaxşı yanında baş kəsməyiblər, indi gedib oturub moldavanların yanında hərzə-mərzə danışmışdın. Peşəkar futbolçu da oyun alqı-satqısını dilinə gətirər?

İşlərimin çox olmasına baxmayın, amma bu üç şey haqqında həmişə fikirləşirəm: Qarabağ problemi, Azərbaycan futbolu və ipoteka borcum.

Sovet dönəmində Naxçıvan Dövlət Filarmoniyasına mənfur qonşularımızdan dəvət gəlir, onları Cermuka dəvət edirlər. O vaxt Naxçıvandakı filarmoniyaya nəğməkar şair Ramiq Muxtar rəhbərlik edirmiş, filarmoniyanın bütün kollektivini yığıb aparır Cermuka. Gedib çatırlar, iki-üç gün konsert verirlər, qayıdan günü ordakı rəhbərlik Göyçə gölünün kənarında bizimkilərə qonaqlıq verir. Göl qırağı, sərin hava, tarixi dədə-baba torpaqlarımız. Bizimkilərin özlərini lap evlərindəki kimi hiss edən vaxt ordakı dığalardan biri qayıdır ki, "Azərbaycanın bir müğənnisi var - Rəşid Behbudov - bir mahnısı da var, "Ana" muğamı. Hələ o muğamdakı zil yeri demirəm eee. Rəşid o yerdə adamı ağlar qoyur, qalan müğənnilərinizi aparın tökün elə bu Göyçə gölünə".

Ramiq Muxtar əsəbləşir, çımxırır bu gədənin üstünə ki, "ay filan-filan şudə, düz demirsən. Elə bu yanımdakı "Aban" ("Şöhrət" ordenli, Respublikanın xalq artisti, məşhur "O Naxçıvandır" mahnısını oxuyan xanəndə Abdulla Babayevi nəzərdə tutur), Allaha and olsun, o mahnını elə oxuyar ki, tüklərin biz-biz durar". Bunlar əl çəkmir ki, onda oxusun, biz də qulaq asaq. Abdulla müəllim həmin vaxt soyuqladığından, deyir ki, nasazam, oxuya bilmərəm, boğazım ağrıyır. Amma əl çəkmirlər ki, yox e, oxu. Abdulla müəllim qalır naəlac, başlayır oxumağa. "Ana" segahının o zil məqamında xanəndə baxır ki, boğazı sözünə baxmır, işlər korlanacaq, başlayır hönkür-hönkür ağlamağa. Bütün məclis əhli dilxor olur, başlayırlar ki, ay "Aban", nə oldu, niyə ağladın? Abdulla müəllim özünü vəziyyətdən çıxarmaq üçün qayıdır ki, mənə fikir verməyin, anam yadıma düşdü.

İndi də mən... Sakitçilik olan kimi xəyallara dalıram, fikirləşirəm. Qarabağ problemimiz də həll olunacaq, kreditimi də ödəyəcəm. Amma futbolumuzun düzələcəyini fikirləşən zaman Abdulla müəllim kimi məni də ağlamaq tutur. Niyə? Bax, bunu bilmirəm...

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR