Bakıda beşinci Avropa film festivalı başlayıb - FOTO

img

31-10-2014 [10:17]


Bakıda beşinci Avropa film festivalı başlayıb.

Festival Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin (Aİ), ittifaqa üzv dövlətlərin ölkəmizdə təmsil olunan səfirliklərinin və "Park Cinema”nın birgə təşkilatçılığı ilə reallaşır.

AzərTAc xəbər verir ki, festival münasibətilə açılışdan əvvəl "Park Cinema”da mətbuat konfransı olub.
"Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, noyabrın 9-dək davam edəcək festivalda quruma üzv olan 20 ölkədən müasir filmlər nümayiş olunacaq. Filmlər təmsil etdikləri ölkənin dövlət dilində olmaqla rus və ya ingilis dilində subtitrlə veriləcək. Əvvəlki festivallardan fərqli olaraq bu dəfə Azərbaycan filmi də təqdim ediləcək. Belə ki, festivalın sonuncu günündə, yəni, noyabrın 9-da Azərbaycanın "Oskar” mükafatına təqdim edilmiş "Nabat” filmi nümayiş olunacaq. Filmlər gündə 2 seans olmaqla "Park Bulvar”da yerləşən "Park Cinema”da təqdim ediləcək. Bütün filmlərə giriş pulsuzdur və bilet tələb olunmur.

Qeyd edilib ki, festival müddətində 5 mindən çox tamaşaçının film izləmək imkanı olacaq.
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib ki, Avropa film festivalı Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanması baxımından təkrarolunmazdır. Festival mədəni müxtəlifliyin verdiyi bir çox imkanlardan yararlanmağımız baxımından da olduqca faydalıdır. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm etdirərək onları bir araya gətirir.

M.Mard festivalın proqramına daxil olan filmlərin janr etibarilə müxtəlif olduğunu söyləyərək bildirib ki, komediya, dram, sənədli film, animasiya kimi janrları əhatə edən bu filmlər bütün növ kinosevərlər üçün nəzərdə tutulub. Həmçinin, təşkilatçılar uşaq və yeniyetmələri də unutmayıblar.

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel festivalın alman filmi ilə başladığına görə qürur duyduğunu söyləyib. O, filmin "Cəhənnəm olsun Höte” adlandığını qeyd edərək film haqqında məlumat verib. Bildirib ki, film Höte adına məktəbdə baş verən hadisələrdən bəhs edir.
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri İv Zoberman ölkəsinin istehsalı olan filmin noyabrın 5-də nümayiş olunacağını deyib.

Sonra festivalın açılış mərasimi olub. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, "Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev və digər çıxış edənlər festivalı yüksək qiymətləndiriblər. Bildirilib ki, 2010-cu ildən təşkil olunan festival Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya töhfə verir, onlar arasında mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Vurğulanıb ki, festival Avropa filmi həvəskarları üçün gözəl fürsətdir.

Sonra festivalın ilk filmi "Cəhənnəm olsun Höte” nümayiş olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR