İcra başçısının təpələrin arxasında gizlətdiyi rayon - FOTOLAR

img

30-10-2014 [11:59]


Qış gəlmədən, mövsümün problemləri artıq Bakı və Bakıətrafı qəsəbələrdə öz sözünü deyir.

Bəzi yerlərdə kommunal problemlər, bəzilərində isə piyada və avotomobil yolları ilə bağlı problemlər var. Problemlərin bol olduğu yerlərdən biri də Binəqədi rayonudur. 

1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə "Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilib və Tədbirlər planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb. 

Bundan sonra Binəqədi rayonunda müəyyən işlər görülüb. Amma görülən işlər problemləri kökdən həll etməyib. Çünki məqsəd rayonun problemlərini həll etmək deyil, onların üzərini örtməkdir. 

Məsələ ilə bağlı 10 saylı marşrut avtobusuna minərək Binəqədi rayonuna yollandıq. Müəyyən qədər yol getdikdən sonra, avtobusun hərəkəti məhdudlaşmağa başladı. Buna səbəb yaranmış hər hansı bir tıxac deyildi. Səbəb yolun bərbad halda olması idi. 

Uzun zamandır təmir edilməyən yolda, dərin çalalar yaranmışdı. Bu da marşrut avtobuslarının, avtomobillərin hərəkətini məhdudlaşdırırdı. Xülasə... Avtobusdan endik. Amma bundan öncə marşrut sürücüsü bizim jurnalist olduğumuzu anlayıb bu sözləri dedi: "Özün də görürsən yollarımızı. Avtobus bu yollara görə yaman günə düşüb. Hələ bu harasıdır, 20 metr qabağa get. Orada palçıq gölməçəsi yaranıb. Gəlib düzəldən də yoxdur. Bu yoldan keçməyə məcbur qalmışıq”.

20 metr irəllədikdən sonra qarşımıza çıxan mənzərə, sürücünün sözlərini haqlı çıxardı. Hər gün yüzlərlə maşının keçdiyi Azərbaycan Beynəlxalq Universitenin ( artıq fəaliyyətini dayandırıb – red ) qarşısı palçıq gölünə çevirilib. 

""Təmiz Binəqədi”. Budur təmiz? Ayağımızda selofanlarla gəzirik” 

Ərazinin fotolarını çəkdiyimiz zaman, sakinlərdən biri bizə yaxınlaşaraq şikayətini dilə gətirdi: "Belə yol olmur. Bu yol deyil. Bu formada olan yol bizə yaraşmır. Binəqədinin adını qoyublar "Təmiz Binəqədi”. Budur təmiz? Ayağımızda selofanlarla gəzirik ( Fotosunun çəkilməsini istəmədi – red ). Biabırçılıqdır. Əyinlərində pencək, bahalı ciplərdə gəzən icra nümayəndələri gəlib bura baxsınlar. Görsünlər ki, camaat hansı yollarla gedib-gəlir...”

Yenidən yolumuza davam etdik. Sakinlərdən öyrəndik ki, rayon ərazisində əsas problem, yollarla bağlıdır. Amma digər problemlər də az deyil. Misal üçün, bəzi yerlərdə qaz, su və elektrik enerjisinin paylanmasında problemlər yaşanır. Ya saatlarla verilir, ya da ümumiyyətlə verilmir. 

Ümumiyyətlə, ölkə ərazisində yayqın olan bir "xəstəlik”, Binəqədi də öz yerini tapıb. Belə ki, zibil qutuları var, amma zibil qutulara yox, onun arxasına atılır. 

"Meksikada məktəb aça bilirlər, burada məktəb tikə bilmirlər?”

Rayonun 3 yol adlanan ərazisində isə əsas problem kanalizasiya xətləri ilə bağlı idi. Sakinlərin sözlərinə görə, bu ərazidə heç bir kanalizasiya xətti çəkilməyib: "Uzun zamandır ki, eyni problemləri yaşayırıq. Heç bir küçəyə kanalizasiya xətləri çəkilməyib. Yağış yağan kimi bütün su həyətimizə, evlərimizə dolur. Dəfələrlə müraciət etsək də, baxan yoxdur. Özünüz də görürsünüz. Qış gəlmədən vəziyyətimiz bərbaddır. Qışda necə olacaq onu bircə Allah bilir.

Bundan əlavə yollarımız da xarabaya dönüb. Ağır tonnajlı yük maşınları bu yoldan istifadə etdiyi üçün yollarımız daha da bərbad hala düşüb. Bundan əlavə, uşaqlarımızın məktəb problemi də var. Yaxınlıqda məktəb yoxdur. Uşaqlar məcburən uzaq məsafələrdə olan məktəblərə gedirlər. Böyüklər yenə də özləri gedə bilir. Balacaları gərək özümüz aparaq. Amma bu da çətin olur. İşimizdən-gücümüzdən oluruq. Necə olur ki, Meksikada məktəb aça bilirlər, burada məktəb tikə bilmirlər?”

Məhəmməd TÜRKMƏN
Musavat.com

Fotolar müəllifindir










































Digər xəbərlər
SON XƏBƏRLƏR