Türkiyədə daha bir mədəndə ağır qəza - Xilasetmə davam edir

img

29-10-2014 [10:23]


Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda kömür mədənində baş vermiş qəza zamanı mədəndə qalanların xilasetmə işləri gecə boyu davam edib.

Ötən gün günorta saatlarında baş verən qəzaya su borusunun partlaması səbəb olub. Hadisə zamanı aşağı qatlarda 30-a yaxın fəhlə çalışırmış. Onlardan 8-ini xilas etmək mümkün olub. Hazırda 18 nəfərdən isə, xəbər almaq mümkün deyil.

Xilasetmə işlərinə əngəl olan yeganə çətinlik isə, mədəndə yığılıb qalan sudur. Məlumata görə, suyun hündürlüyü 2 saatdan bir 1 metr artır. Xilasedicilər suyu nasoslarla çəkərək azaltmağa çalışırlar. Suyun qaynağı bilinmədiyi üçün onun qarşısını almaq da mümkün deyil. Ehtimal olunur ki, su yeraltı yataqdan sızır.

Ötən gün Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız da hadisə yerinə gəlib.

Rəsmilər mədənin özəl firmaya məxsus olduğunu deyiblər. Fəhlələr qəza ilə əlaqədar mədən rəhbərliyinə qarşı qəzəblərini ifadə ediblər. Hadisə ilə əlaqədar fövqəladə komissiya yaradılıb. 

Nazir Taner Yıldız mətbuat konfransında çıxış zamanı hadisə ilə əlaqədar narahatlığını ifadə edib.

"Bütün qurumlarla bərabər buradayıq. Cənab nazir və millət vəkili də nəqliyyat xidmətlərinin təmin olunması ilə əlaqədar buradadır… Hər şeydən əvvəl məqsədimiz qəza səbəbinin nə olduğunu bir kənara buraxaraq, fəhlələrimizin dərhal xilas edilməsidir. Bununla əlaqədar bütün gücümüzlə çalışırıq” - deyə nazir qeyd edib.

Ermenek kömür mədənindəki qəza Türkiyədə son bir ildə ikinci ağır qəzadır.
IHA 

Digər xəbərlər
SON XƏBƏRLƏR