Prezidentlərin Paris görüşü ilə bağlı ciddi basqı və gözləntilər - Qarabağla bağlı yeni plan

img

24-10-2014 [10:06]


Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə sayılı günlər qaldı. Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə, oktyabrın 27-də reallaşacağı gözlənilən yüksək səviyyəli təmasla bağlı son günlər müxtəlif təxminlər və versiyalar səslənməkdədir. Onların arasında informasiya xarakterli olanlar təbii ki, daha çox diqqət çəkir."Əsas odur ki, Paris görüşü hesabına Qarabağ münaqişəsi tərəfləri arasında etimad yaransın”.


Musavat.com-un erməni KİV-lərə istinadən verdiyi xəbərə görə, bunu dünən İrəvandakı mətbuat konfransında Fransanın bu ölkədəki səfiri Anri Reno Paris görüşündən dolayı gözləntiləri şərh edərkən deyib.

"Yaxın günlərdə Parisdə İlham Əliyev-Serj Sərkisyan görüşü olacaq. Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək. Vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin”, - deyə diplomat qeyd edib diplomat. 

Onun sözlərinə görə, Paris zirvəsi həmçinin problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq. Ardınca diplomat danışıqların "şifrələrini” açacaq maraqlı bir cümlə işlədib. Əlavə edib ki, müzakirələrin əsasında üç prinsip duracaq: "Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”.


O da diqqətçəkicidir ki, görüş ərəfəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qəfildən Bakının "Böyük Sülh Sazişi” üzərində işi bərpa eləməyə hazır olduğunu bəyan edib. Yerli və xarici təhlilçilər bu xüsusda prezidentlərin Paris görüşünü həm situativ, həm təşəbbüskarlıq, həm də produktivlik baxımından əvvəlkilərdən kifayət qədər fərqləndiyi qənaətindədir.

****


"Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə Parisdə baş tutacaq danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın imzalanması gözlənilir”. Bunu isə virtualaz.org-un məlumatına görə, erməni mətbuatı yazıb. "Aykakan Jamanax” qəzetinin diplomatik qaynaqlara istinadən yaydığı xəbərdə bildirilir ki, Fransa prezidenti İlham Əliyevlə Serj Sərkisyanın birgə bəyannamə imzalamasına nail olmağa çalışır. 
Lakin birgə bəyanatın imzalanması məsələsinin hələ ki, açıq qaldığı da deyilir. Bildirilir ki, Fransua Olland əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrılıqda görüşəcək. Daha sonra görüşlər üçtərəfli formatda davam edəcək. Minsk Qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı xəbərlər sırasındadır.

****


Xatırladaq ki, 20 ildir davam edən danışıqlar ərzində Azərbaycan və Ermənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə bir araya gələn prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqda müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar. Bu, danışıqlar prosesində imza atılmış ilk birgə sənəd olduğu üçün xeyli müzakirə olundu. Lakin münaqişənin nizamlanmasına dair razılaşmanın əldə edilməsinə gətirmədi. 

Fransalı səfir Renonun açıqlamasından isə aydın olur ki, indi də ABŞ və Fransanın timsalında Qərb sülh prosesinin hazırkı mərhələsini konkret sənədlə yekunlaşdırmaq üçün ciddi çabalar içindədir. O da bəlli olur ki, həmin sənəd diplomatın qeyd elədiyi 3 prinsip əsasında təsəvvür edilir. Bu isə əslində Azərbaycanın köklü maraqları ilə uzlaşmır, çünki ən azı, işğal faktını arxa plana keçirir, problemin Ermənistanın ərazi iddiasından deyil, Dağlıq Qarabağ əhalisinin "öz müqəddəratını təyinetmə” mübarizəsindən qaynaqlandığı haqda dünyada yanlış rəy formalaşdırır.

Az öncə "Yeni Müsavat” olaraq bu fikri inkişaf etdirərək yazmışdıq ki, Qərb tədricən Azərbaycanı həmin 3 prinsip əsasında "şotland variantı”na hazırlamaq istəyir. Yəni Qərb problemi Rusiyanın nəzarətindən çıxarmaq üçün Azərbaycanın köklü maraqları hesabına da olsa, öz ssenarisini işə salmaqda israrlı görünür. Buradaca əlavə edək ki, amerikalı həmsədr Ceynms Uorlikin bu ilin yayında irəli sürdüyü 6 bəndlik həll təklifi də özündə çox incə və hiyləgər şəkildə "şotland ssenarisi”ni ehtiva edir. 

Bəzi siyasi şərhçilər də 3 prinsipin "şotland variantı”nın hüquqi təməli üçün kifayət etdiyini düşünürlər. Qərb isə bu prinsiplərin Parisdə legitimləşdirilməsində ən əvvəl ona görə israrlıdır ki, bəlli səbəblərdən gərgin münasibətlərdə olduğu Rusiyanı münaqişə tərəflərinə, regiona olduqca mühüm təsir və şantaj rıçaqlarından birindən məhrum eləsin. Söhbət Kreml tərəfindən özünə əlverişli məqamda münaqişə tərəflərindən birini savaşa qızışdırmaqdan gedir. Ancaq məntiqlə Azərbaycanla Ermənistan arasında güc tətbiq eləməmək öhdəliyi varsa (3-cü prinsip), o zaman belə təhdid avtomatik aradan qalxmış olur. 

****
Azərbaycan və onun suverenliyi, ərazi bütövlüyü üçün ən təhlükəlisi isə əlbəttə ki, ölkəmizə sırınmağa çalışılan ikinci - öz müqəddəratı təyinetmə prinsipidir. Çünki nizamlamanın yekun mərhələsində həmin hüquqi prinsip Azərbaycanın ərazi bütövlüyünü alver predmetinə çevirə bilər. 

Əminik ki, Azərbaycan rəhbərliyi təhlükənin fərqindədir və Paris görüşündə o, ölkəmiz üçün "qırmızı xətləri” bir daha vasitəçi ölkələrim nəzər-diqqətinə çatdıracaq, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına kiçicik belə hüquqi əsas yaradacaq istənilən məkrli sənədi imzalamaqdan vaz keçəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR