“Ulduz” şokolad fabriki Mətbuat Şurası ilə birgə müsabiə keçirir - Şərtlər

img

23-10-2014 [18:45]


Mətbuat Şurası "Ulduz” şokolad fabriki ilə birlikdə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda yazı müsabiqəsi keçirir.
Mətbuat Şurasından bildiriblər ki, müsabiqənin mövzuları aşağıdakılardır: "Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər”, "Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı”, "Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri”, "Dünya şokolad bazarında Azərbaycan malı”, "Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı”.
Müsabiqədə birinci yer tutana (1 nəfər) 800 manat, ikinci yerin sahibinə (2 nəfər) 500 manat; üçüncü yerin sahibinə (2 nəfər) 300 manat məbləğində mükafat veriləcək. Həvəsləndirici mükafatın məbləği isə 100 manatdır (10 nəfər).
Müsabiqəyə təqdim olunan yazılarda materialların mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.
Müsabiqəyə 2014-cü il oktyabrın 25-dən noyabrın 25-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda "Azərbaycan Mətbuat Şurası və "Ulduz” şokolad fabrikinin "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır. Müəllifin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də verilməlidir. Təqdim edilən yazıların Mətbuat Şurasının "qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir. Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Təqdimat zərfində yer almalıdır: yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti; yazı təqdim edən şəxsin əlaqə vasitələri (ev və iş telefonu, mobil telefonu), müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə), yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə), materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir), diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla), yazı elektron media resursunda verilibsə elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl.
Müsabiqə üçün yazılar oktyabın 25-dən noyabrın 25-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Əlavə telefonları: (012) 441 35 96, (050) 534 93 26, (055) 201 99 26.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR