İlham Əliyevlə Sarksiyan bəyannamə imzalayacaq?! - Erməni mətbuatından iddia

img

23-10-2014 [14:09]


Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə Parisdə baş tutacaq danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın imzalanması gözlənilir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb.

"Aykakan Jamanax” qəzetinin diplomatik qaynaqlara istinadən yaydığı xəbərə görə, Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannamə imzalamasına nail olmağa cəhd edir.

Prezidentlər Parisdə görüşməyə artıq ilkin razılıq veriblər və bu görüş oktyabrın 26-da baş tuta bilər. Lakin birgə bəyanatın imzalanması məsələsi hələ açıq qalır.

Bildirilir ki, Fransua Olland əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrılıqda görüşəcək. Daha sonra görüşlər üçtərəfli formatda davam edəcək. ATƏT-in Minsk Qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı bildirilir.

20 ildir davam edən danışıqlar ərzində Azərbaycan və Ermənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə görüşən prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqda müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar.

Mayndroff bəyannaməsinin imzalanması danışıqlar prosesində imza atılmış ilk birgə sənəd olduğu üçün xeyli müzakirə olundu. Lakin bu bəyannamə münaqişənin nizamlanmasına dair razılaşmanın əldə edilməsinə kömək etmədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR