Parlamentə hücum edən şəxs İŞİD-çi çıxdı - Qərb ölkələri həyəcan içində!

img

23-10-2014 [12:18]


Kanada polisi oktyabrın 22-də paytaxt Ottavada Birinci dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidənin qarşısında fəxri qarovul əsgərini öldürən, daha sonra parlamentə hücum edən şəxsin kimliyini açıqlayıb.

Bu, İslam dinini qəbul etmiş Mişel Zehaf Bibodur. Onun adı Mişel Cozef Holl olub, İslamı qəbul edəndən sonra adını dəyişib.

Polis bildirir ki, parlamentdə atışma zamanı xəsarət alan üç yaralı artıq evə buraxılıb. Onların polis, yaxud mülki şəxslər olduğu açıqlanmır. Zehaf Bibo əvvəlcə fəxri qarovulun əsgərini öldürüb, daha sonra parlamentin binasında polis tərəfindən güllələnib.

Şahidlərin bildirdiyinə görə, Zehaf Bibo İŞİD döyüşçülərinə xas olan qara geyimdə olub, sifətini qara yaylıqla örtüb. O, ov silahından iki dəfə fəxri qarovulun əsgərinə atəş açıb, əsgər yerə yıxılanda o, təntənəli şəkildə silahı başının üstünə qaldıraraq yelləyib. Bundan sonra silahlı şəxs Kanada parlamentinin binasına doğru istiqamət alıb.

Məlum olub ki, həmin şəxsi əvvəllər dəfələrlə polis saxlayıb. O, narkotik saxlamağa görə tutulub, iki dəfə isə şərti azadlıqda olma şərtlərini pozduğu üçün saxlanılıb. Hazırda Kanada xüsusi xidmət orqanları Zehaf Bibonun hansı radikal qruplaşmaya bağlı olduğunu araşdırır.

Hücum zamanı Kanada baş naziri Stiven Harper parlamentdə olub və o, arxa qapıdan evakuasiya edilib. Bu hadisədən bir gün əvvəl Ottavada İslamı qəbul etmiş şəxs avtomobillə iki əsgəri vuraraq öldürmüşdü. Hazırda iki hadisə arasında bağlılığın olub-olmadığı araşdırılır.

Baş nazir Stiven Harper xalqa müraciətlə çıxış edərək deyib ki, bu terror hücumu ölkənin gücünü ikiqat artıracaq.

"Bu hadisələr göstərdi ki, Kanada terrorçu hücumlardan sığortalanmayıb. Ancaq Kanadanı bununla qorxutmaq mümkün deyil. Biz təhlükəsizliyin təmin olunması üçün bütün addımları atacağıq” - baş nazir bildirib.

ABŞ prezidenti Barak Obama S.Harperlə əlaqə saxlayaraq hücumun araşdırılmasında kömək təklif edib. B.Obama bildirib ki, ABŞ xüsusi xidmət orqanlarında bu hadisənin motivi barədə hələlik informasiya yoxdur.

Bununla belə hücumun daha geniş terror planlarının bir hissəsi olduğu istisna deyil. ABŞ və digər Qərb ölkələri Kanadada baş verənlərdən sonra iri şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. İŞİD-ə qarşı koalisiyada yer alan ölkələr mühüm obyektlərin mühafizəsi üçün əlavə tədbirlər görüblər.

Hələlik Kanada hücumlarının arxasında hansı qruplaşmanın dayandığı məlum olmasa da əsas ehtimal "İslam Dövləti”nin (İŞİD) qisas əməliyyatlarına başlaması barədədir. Belə ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya İraq və Suriyada İŞİD-ə qarşı hava zərbələrinə başlayanda qruplaşmanın liderləri xəbərdarlıqla çıxış edərək qisas hücumlarına başlayacaqlarını bildirmişdilər(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR