“Nə qədər pul vermək istəyirsən?” - Biləsuvar gömrük-keçid məntəqəsindən prokurorluğa şikayət

img

22-10-2014 [23:08]


Cəlilabad rayonu, Xəlilli kənd sakini Tapdıqəli Eyvazov Biləsuvar gömrük-keçid məntəqəsində üzləşdiyi problemlərdən şikayətlənib.



T.Eyvazovun dediklərindən belə məlum olur ki, təxminən 15 gün öncə avtoyuma məntəqəsində istifadə olunan avadanlıq gətirmək üçün qohumlarından biri ilə İrana gedib. Biləsuvar gömrük-keçid məntəqəsində gömrük işçilərindən birinə yaxınlaşaraq İrana bu məqsədlə getmək niyyətində olduğunu deyib.

Şikayətçinin sözlərinə görə, gömrük işçisi isə qəti şəkildə belə bir avadanlığı gətirməyin qadağan olduğunu bidirib. Hətta kişmiş, xurma və ət məhsullarının gətirilməsinin də qadağan olduğunu deyib.

"Qohumumla İrana getsək də, həmin avadanlığı gətirmədim. İki nəfərə 112 manatlıq ərzaq aldıq. Aldığımız ərzaqların çəkisi ağır idi. Gömrükdən keçəndə yenə də hamını beş-beş buraxırdılar. Qohumum keçdi, mənsə qaldım. Çantanın ağırı məndə idi. Yükləri monitordan keçirəndə çantanı tərəziyə qoymağımı istədilər. Qoydum, 34 kilo gəldi. Elşən adlı gömrük işçisi pasportumu istədi, verdim. Əslində pasportuma ona görə baxırdı ki, görsün İrana tez-tez gəlib-gedirəm, ya yox. Axırıncı dəfə iki ay əvvəl İrana getmişdim” - deyə T.Eyvazov bildirir.

Şikayətçinin sözlərinə görə, gömrük işçisi ona 10 kilo artıq yük keçirmək üçün 40 manat rüsum ödəməli olduğunu bildirib: "Dedim ki, o baxır hansı yük keçirəndə. Mən 10 kilo kartofa görə 40 manat rüsum verməliyəmmi? Dedi ki, hə. Mən onunla danışan zaman gördüm ki, artıq çantam yoxdur. Gömrük işçisi mənə çantamı sonra gəlib götürməyi məsləhət gördü.

Namiq adlı digər gömrükçü isə "nə qədər pul vermək istəyirsən” deyə soruşduqda hövsələdən çıxdım və "heç nə qədər” deyə cavab verdim. Dedi ki, özün bil, çantan anbara gedəcək. Protokol yazdılar. Gözüm yaxşı görmədiyinə görə nə yazdıqlarını oxuya bilmədim, eynəyim yanımda deyildi. Buna görə də imzalamadım. Oradan çıxıb Dövlət Gömrük Komitəsinin "qaynar xətti”nə - 192-yə zəng vurdum. Gömrük Komitəsinin əməkdaşı da dedi ki, 10 kilodan artıq yük gətirmək olmaz”.

T.Eyvazov bu faktla bağlı artıq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini dedi: "Kənd yerində yaşayırıq. Hamıya məlumdur ki, işsizlikdir. Başımızı güclə dolandırırıq. İrana hərdən bazarlıq üçün gedib-gəlsəm də alverlə məşğul olan adam deyiləm. Çantamda olanlar isə karamel, konfet, yuyucu toz, şirniyyat idi, başqa heç nə. Yaşım 50-ni ötüb. Mən bu ölkənin vətəndaşıyam. Nazirlər Kabinetinə getməyə hazırlaşıram. Soruşacağam görüm 10 kq yükə 40 manat gömrük rüsumu verməliyəmmi. Bu, çox gülüncdür. Bu yaşımda dövlətdən küsmək istəmirəm. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət etmişəm. İdarədən məsələni araşdıracaqlarını deyiblər”.

T.Eyvazovun bu ittihamları ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlamaq istədik. Amma komitədən virtualaz.org saytının suallarını cavablandıracaq məsul şəxslə danışmaq cəhdlərimiz baş tutmadı(virtualaz.org).

Digər xəbərlər
SON XƏBƏRLƏR