Elmə ayrılan vəsait azaldılır, alimlər narahatdır - VİDEO

img

22-10-2014 [22:13]


Yaxın günlərdə gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi başlayır. Büdcədə hərbə ayrılan vəsaitdən sonra ən vacib sahələrdən biri elmdir. Əməkdaşımız da diqqəti büdcədə elmin inkişafına ayrılan vəsaitin həcminə çəkib. Bu il maliyyəçilər elmə əvvəlki ildən az vəsait ayırmaq qərarına gəlib. 

ANS TV-nin məlumatına görə, dövlət büdcəsindən elmə ayrılan xərclərin həcmi azaldılıb. Ötən il elmə 146,8 milyon manat vəsait ayrılmışdısa, 2015-ci ilin büdcəsində bu rəqəm 142,5 milyon manat olub. Mütəxəssislər xərclərin azaldılmasına, həm dünya bazarında neftin qiymətinin aşağı düşməsi, həm də büdcənin xərclərinin artması ilə əlaqələndirirlər.

Yəni, gələn il ölkədə həm Avropa Oyunları keçiriləcək, o cümlədən bir sıra iri qaz layihələririn icrasına başlanılacaq ki, bu da ayrı-ayrı sahələrə ayrılan büdcə vəsaitlərində öz sözünü deyir. Elm sahəsi də bu mənada üç faiz itirdi. Özünü elmə həsr edənlərin əməkhaqqlarının onsuz da aşağı olması fonunda büdcənin azaldılması elə də təqdir olunmur. Amma Mİlli Elmlər Akademiyasının akademik katibi Teymur Kərimli nikbindir. O deyir ki, əvvəla büdcə məsələsi hələ Milli Məclisin müzakirəsinə çıxarılmayıb. İkincisi, elm təkcə büdcədən qazanmır.

AMEA-nın akademik katibi Teymur Kərimlinin sözlərinə görə, elmin vəsait qaynağı təkcə büdcə deyil: "Hazırda Azərbaycanda Elmin İnkişaf Fondu fəaliyyət göstərir. Bu fond isə dövlət fondudur. O elmə çox böyük yardım göstərir. Bu da Azərbaycanda elmin inkişafı üçün bir stimuldur. Bundan əlavə bizim alimlərimiz, çox böyük qrantlar udurlar, məhz bu qrantlarında köməyi dəyir”.

Ekspertlər isə düşünür ki, elmə ayrılan vəsaitin azaldılması onsuz da ciddi əməkhaqqı problemi olan alimlərimizin vəziyyətini bir qədər də ağırlaşdıra, gənclərin elmə gəlişinin qarşısını ala bilər. Akademiyada isə belə düşünmürlər. Qurumda deyirlər ki, keçid dövrünün geriləmələri arxada qaldı, indi elm sahəsində intensiv inkişaf var və alimlərin sayı da günü-gündən artır.

Bu səbəbdəndir ki, bu gün təkcə Elmlər Akademiyasında 2046 fəlsəfə doktoru, 560 elmlər doktoru var. Azərbaycan üzrə götürsək, fəlsəfə doktorlarının sayı 9 minə, elmlər doktorunun sayı 2 minə çatır.

Bu statistikanı zənginləşdirənlər arasında Şəbnəm Həsənlinin də payı var. Şəbnəmin valideynlərinin hər ikisi professor, qardaşı elmlər namizədidir, özü də müdafiəyə hazırlaşır. Kiçik elmi işçi kimi Şəbnəmin də elmdə böyümək arzusu var. Ondan soruşanda ki, hara qədər böyümək istəyirsən, ümumiyyətlə bu qədər elmi müdafiələr bizə nə isə qazandırırmı? - belə bir cavab aldım.

"Hər insanı kəşf edə bilmir, ancaq hər gəncin yazıb ortaya qoyduğu dəyərlər isə yeni kəşflərin yaranması üçün stimuldur. Əməkhaqqına gəlincə isə bunu deməsəm, daha yaxşı olar".

Əslində süjetimə burda nöqtə də qoya bilərdim. Amma bu gün Milli Elmlər Akademiyasında sələflər və xələflər mövzusunda keçirilən simpoziuma Türkiyədən təşrif buyuran 92 yaşlı Zeynəb Korkmazdan da danışmaq istəyirəm. Düzdür, 20-dən artıq kitab müəlilfi olan Zeynəb xanımın bizim mövzuya dəxli yoxdur, amma onun bizim gənc alimlərə nümunə və stimul oalcaq həyatı və sözləri var.

"Elm elə bir şeydir ki, insanı həyatda canlı tutar. Elmə bağlanırsan, özünü elmə həsr edirsən".

Zeynəb xanımın timsalında həm də elm qocaları sevmir - fikrinin inkarını gördüm. Ona uzun ömür, Azərbaycan elmini yaşadanlara isə uğurlar arzulayaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR