Polis zabitinin bacısını oğurlamaq istəyən dəstə haqda yeni xəbər - VİDEO, FOTO

img

22-10-2014 [19:47]


Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları, sələfi təriqətinin üç üzvü - Nizami Nəcəfov, Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.

Dindarlar bu ilin yanvarında MTN-in Qubada keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunublar. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı (Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub-red.) oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.

Ana oğlanları Vəfadarla Vəfanurun günahsız olduğunu deyir

2013-cü ilin noyabrında Vəfanur Məmmədov tanışı Nizami Nəcəfovla Mərziyyə Osmanovanı oğurlamaq və onun azad olunması müqabilində yaxın qohumlarından külli miqdarda pul almaq barədə razılığa gəliblər. Həmin pulun qrup üzvləri arasında hansı şəkildə bölüşdürüləcəyinə dair müzakirələr aparılıb.

Nizami Nəcəfovun razılaşmasından sonra Vəfadar Məmmədova sözügedən cinayətdə iştirak etməsi təklif olunub.

Vəkil Fariz Namazlı virtualaz.org saytına açıqlamasında hüquqlarını müdafiə etdiyi Vəfadar Məmmədovun əməlində cinayət tərkibinin olmadığını, bu ittihamların qurama və əsassız olduğunu bildirdi: "İstintaq materiallarına görə, hər üç təqsirləndirilən şəxs guya Mərziyyə Osmanovanın oğurlanması və azad olunması müqabilində yaxın qohumlarından külli miqdarda pul almaq qərarına gəlib.

Lakin onların ifadəsindən görünür ki, Vəfanur Məmmədov və Nizami Nəcəfov bu fikirdən könüllü olaraq imtina ediblər. Vəfadar Məmmədovun isə ümumiyyətlə bu məsələyə aidiyyəti olmayıb. Vəfadar Mərziyyənin oğurlanmasına dair danışıqlarda iştirak etməyib, buna öz razılığını bildirməyib. Eyni zamanda Vəfanur və Nizami bu fikirdən könüllü imtina ediblər. Hətta Mərziyyə və onun qardaşı Murad Osmanov hər hansı şəxs tərəfindən izlənilmədiklərini göstəriblər”.

Onu da bildirək ki, Nizami Nəcəfov dindirilmə zamanı nə Vəfanur Məmmədovla, nə də Vəfadar Məmmədovla adam oğurluğu ilə bağlı heç bir söhbətinin və görüşünün olmadığını deyib. O, ifadəsində qızın oğurlanması istiqamətində hər hansı hərəkət etmədiyini, onu güdmədiyini, arxasınca getmədiyini, onu müşahidə etmədiyini, ümumiyyətlə, Mərziyyənin oğurlanması söhbətinin heç bir ciddiliyi və əsası olmadığını göstərib.

Vəkil Fariz Namazlı

Vəkil Fariz Namazlının sözlərinə görə, təqsirləndirilən şəxslərə adam oğurluğuna hazırlıq ittihamının verilməsinin özü qanunsuzluqdur:"Vəfadar dindirilmə zamanı göstərib ki, Mərziyyənin oğurlanması istiqamətində hər hansı hərəkət etməyib, həmin qızı şəxsən tanımır, adını bilmir, onu heç vaxt görməyib.

Göründüyü kimi, təqsirləndirilən şəxslər Mərziyyənin oğurlanması istiqamətində heç bir hərəkət etməyiblər, öz aralarında vəzifə bölgüsü aparmayıblar, ümumiyyətlə, bu, sadəcə Nizami ilə Vəfanur arasında söhbət olaraq qalıb. Vəfadarın isə ümumiyyətlə bu söhbətlərə aidiyyəti olmayıb. Buna görə də təqsirləndirilən şəxslərə qarşı adam oğurluğuna hazırlıq kimi ittihamın verilməsi qanunsuz və əsassızdır.

Təqsirləndirilən şəxslərə verilən digər ittiham qanunsuz silah saxlamaqdır. Vəfadarın evində və özündə aşkar edilən silah, döyüş sursatı ilə bağlı istintaq orqanı belə nəticəyə gəlib ki, guya bu silahlar Mərziyyənin oğurlanması və onun həyat və sağlamlığı üçün zor tətbiq etmək məqsədilə əldə olunub.

Qeyd edək ki, təqsirləndirilənlər  şəxslər  silah-sursatların onlara məxsus olmadığını, tanımadıqları  şəxslər tərəfindən evlərinə qoyulduğunu göstəriblər. Vəfadar həbs olunarkən Quba Rayon Məhkəməsinin qarşısında olub və həbs olunan zaman guya üzərində döyüş sursatı aşkar edilib. Atası Qeybulla Məmmədovun məhkəmə prosesinə Vəfadarın çoxlu sayda patronla gəlməsi absurddur. O, məhkəmə qarşısında olarkən tanımadığı şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb və özünün bildirdiyinə görə, həmin şəxslər tərəfindən də onun cibinə patronlar və digər döyüş sursatları qoyulub. Eyni zamanda digər təqsirləndirilən şəxslər də verdikləri ifadələrdə evlərində aşkarlanan döyüş sursatlarının onlara məxsus olmadığını göstəriblər. Buna görə də təqsirləndirilənlərə verilən Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını və sair əldə etmə, başqasına vermə, daşıma) maddəsi üzrə ittiham qanunsuzdur”.

Bu iş üzrə keçirilən məhkəmə prosesi 27 oktyabra qədər təxirə salınıb.

Xatırladaq ki, hadisənin ilk günlərində Qubada radikal sələfi qruplaşmalarına qarşı əməliyyat keçirilməsi barədə yayılan məlumatda MTN-in yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfərin həbs olunduğu bildirilirdi.

İlkin məlumatlara görə, qruplaşma Vəfanur Məmmədovun həbsdə olan atası Qeybullanın qaçış planını hazırlayıbmış. Belə ki, radikal sələfilərdən olan Qeybulla Məmmədov (məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilib-red.) əvvəl qanunsuz silah saxladığına görə həbs edilib, daha sonra buraxılıb. Növbəti dəfə isə dələduzluq üstündə həbs edilib.

Sözügedən cinayət işi üzrə istintaqı MTN aparıb.

İnarə Rafiqqızı

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR