Bəylər Əyyubovun biznesinə zərbə

img

22-10-2014 [14:20]


Hazırda dünyanı təhdid edən Ebola virusu əksər ölkələri təhlükəsizlik tədbirləri görməyə vadar edib. Virusun geniş yayıldığı Afrika və Cənubi Amerikadan başqa ölkələrə gedən insanlar beynəlxalq hava limanlarında yoxlanılır və nəzarətdə saxlanılır. Təhlükə o dərəcədə ciddiləşib ki,artıq həmin ölkələrdən ixrac olunan meyvə-tərəvəz məhsullarının da Ebola daşıyıcısı olması haqqında ehtimallar səslənir.


Son bir neçə gündə Azərbaycanda əhali arasında bananların Ebola virusuna yoluxmaya səbəb olması barədə şayiələr dolaşır. Ötən gün respublikanın baş pediatrı Nəsib Quliyevin modern.az-a verdiyi açıqlamada Afrikadan gətirilən bananın Ebola daşıyıcısı olması haqqında ehtimal səsləndirməsi ölkə bazarında ciddi rezonans doğurub. Nəsib Quliyev valideynləri uşaqlara banan verməkdən çəkinməyə çağırıb: "Ümumiyyətlə banan uşaqlar üçün yarasızdır. O ki qaldı Ebola virusunun daşıyıcısı olmasına, bu barədə nə eşitmişəm, nə də məlumatım var. Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam”.

Həkim iddia edib ki, bizim ölkəyə gətirilən bananları yetişməmiş palmalardan yığırlar, hansı ki, bu meyvələr dəmir kimi olur. "Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır”.

Bananın qorxulu virusunun daşıyıcısı olması haqqında xəbərlərin bazarlara necə təsir etməsini öyrənmək üçün Bakının ən böyük meyvə-tərəvəz satış mərkəzlərindən biri olan "8-ci km bazarı” kimi tanınan bazara üz tutduq.

Satıcılar ötən gündən etibarən yayılan şayiələrin alıcılarda tərəddüd yaratdığını təsdiqləyirlər.
Satıcı Emil Səmədov deyir ki, televiziyaların bu haqda xəbərlər yayması bananın satışına təsirsiz ötüşməyəcək: "Bu məsələnin TV-lərdə yer alması insanlara təsir edəcək. Ancaq yayılan söhbətlər əsassızdır. Meyvə heç zamanvirusdaşıyıcısı ola bilməz”.


Digər satıcı Rafiq Gözəlov isə banan haqqında yayılan söz-söhbətin alıcılıq qabiliyyətinə heç bir təsir göstərmədiyini bildirdi: "Banan əvvəlki qaydada satılır. Xəstəlik haqqında heç bir söz-söhbət yoxdur. Meyvənin virus daşıyıcısı olması fikri absurddur”.

Bazarda söhbətləşdiyimiz alıcılar isə belə bir təhlükəni gözə almaqdansa, bir müddət banandan imtina etməyi üstün tutduqlarını bildirdilər. Hər gün uşaqlarına banan aldığını deyən iki uşaq anası Zümrüd xanım deyir ki, Ebola təhlükəsi sovuşanadək banandan və Afrikadan gətirilən digər məhsullardan istifadə etməyəcək.

"Yeni Müsavat”a danışan vətəndaşlar həmçinin, mətbuatda və televiziyada bu virusdan qorunmaq haqqında məlumatların daha çox yayımlanmasına ehtiyac olduğunu bildirdilər.
Qeyd edək ki, hazırda bazarlarda bananın 1 kilosunun qiyməti 2.30-2.50 manat arasında dəyişir və hələ ki, bahalaşma və ya ucuzlaşma müşahidə olunmur.


Müvafiq dövlət qurumlarının rəsmiləri isə mətbuata açıqlamalarında bananın Ebola virusuna yoluxma ehtimalını təkzib ediblər. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov "Trend”ə bildirib ki, banan vasitəsilə virusun Afrika ölkələrindən Azərbaycana gətirilməsi mümkün deyil. Onun sözlərinə görə, yalnız bananla deyil, kofe ilə bağlı da insanlar arasında belə narahatlıq yarana bilər. Amma bananda olduğu kimi, kofe ilə də virusun ölkəyə gətirilməsi mümkün deyil: "Bəlkə insanlar fikirləşirlər ki, Afrika ölkələrində insanların əlləri banana, kofeyə dəyib, virus da onda qalıb. Bu, mümkün deyil, nə viruslar, nə də bakteriyalar açıq havada çox yaşaya bilməz”.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov da bildirib ki, meyvə ilə virusun ölkəyə gətirilməsi mümkün deyil.

O, qeyd edib ki, rəhbəri olduğu laboratoriya tərəfindən ölkəyə gətirilən bananların tərkibində ona verilən gübrənin və ağır metalların miqdarı yoxlanılır. Əgər bu göstəricilər normadan artıq olursa, onda onların satılmasının qarşısı alınır.

Bananın insan orqanizmi üçün faydalı olduğunu, xüsusilə uşaqların immunitetini qaldırdığını deyən Y.İbrahimov bildirib ki, hazırda ölkəyə gətirilən bananların tərkibi normaldır və onlarla bağlı narahatlığa əsas yoxdur.

Qeyd edək ki, Azərbaycanda bananın idxalı general Bəylər Əyyubovun monopoliyasında olduğu illərdir ki, iddia edilir. Bu məhsulun bütün dünyanı təhdid edən Ebola kimi dəhşətli bir virusa yoluxmağa səbəb olması ehtimalı yəqin ki, bananın satışına və qiymətinə təsirsiz ötüşməyəcək. Bu isə generalın biznesinə zərbə kimi qiymətləndirilir.

Bəzi ekspertlər isə bildirir ki, ölkənin baş pediatrının bananla bağlı az qala sensasion sayılan açıqlaması əslində siyasidir və həm də biznes maraqlarına xidmət edir. Bu mövzuda adının açıqlanmaması şərti ilə "Yeni Müsavat”a danışan məlumatlı şəxs dedi ki, bəzən bu cür açıqlamalarla hansısa oliqarxın nəzarət etdiyi bazarı çökdürmək olur: "Dövlətlər arasında da belə gizli rəqabət mövcuddur. Təxminən 10 il öncə Çində guya bir xəstəlik, virus yayılmışdı. Həmin vaxt bütün dünya üzrə Cin istehsalı olan malların alınmasından imtina edildi. Nəticədə Çin olduqca ciddi maliyyə itkisinə uğradı. İndi də mümkündür ki, Ebola virusunun yaratdığı vahimədən kimlərsə istifadə edib belə şayiələr yaysın. Bununla da general Bəylər Əyyubovun iqtisadi maraqlarına, onun əlində saxladığı monopoliyaya zərbə endirsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR