“Zakir Həsənovdan yararlanmağa çalışdılar”

img

22-10-2014 [13:03]


"Düz bir il bundan əvvəl ölkə başçısının müvafiq sərəncamı ilə o bu posta təyin edildi. Bu müddət ərzində Silahlı Qüvvələrimizdə çoxlu sayda işlər həyata keçirilib. Çoxsaylı kadr islahatları, hərbi hissə və birləşmələrdə ştat dəyişiklikləri aparılıb və bu proses bu gün də davam edir". 

Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov özünün facebook səhifəsində yazıb.

O, müdafiə naziri Zakir Həsənovun bir illik fəaliyyətini daha sonra belə şərh edib: "Xatırlayırsınızsa, müdafiə nazirinin təyinatından düz bir ay müddətində biz Zakir Həsənovun fəaliyyətinə qiymət vermədik. Daha sonra isə, biz hörmətli müdafiə nazirin fəaliyyətində olan müsbət və mənfi addımlara kifayət qədər münasibət bildirdik.

Hardasa bizi başa düşənlər də oldu, olmayanlar da. Bu gün baxıram ki, ölkə mətbuatında bu haqda bir kəlmə də olsun yazan və danışan yoxdur. Əslində bu çox yanlış bir yanaşmadır. Çünki, bildiyim qədər, mətbuatın ən böyük missiyalarından biri də məhz güc strukturlarına ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı vacib olan məqamları gözləmək şərti ilə lazım olan köməkliyi göstərməkdən ibarət olmalıdır. Yəni, görülən işləri yetərincə təbliğ etmək, olan nöqsanları isə aradan qaldırmaq üçün səmərəli təkliflər vermək olardı.  Ədalət naminə deyək ki, tam başqa strukturdan Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən bir şəxs idarəçiliyinin ilk aylarında bir xeyli çətinliklərlə üzləşdi. Real vəziyyətdən xəbəri olmadığı üçün ətrafında olan bəzi şəxslər bu məqamdan kifayət qədər yararlandılar. Ən qısa müddətdə, elə şəxslər yüksək vəzifələrə təyinat aldılar ki, istər-istəməz cəmiyyətdə haqlı suallar verilməyə başladı ki, görəsən qəbul olunan qərarların hamısında müdafiə naziri kimi Zakir Həsənovun mövqeyi də nəzərə alınırmı?

Bu gün artıq 1 il müddət keçib və demək olar ki, müdafiə naziri özü bütün proseslərə şəxsən nəzarət edir və yavaş-yavaş hiss edilir ki, kənar müdaxilələrin sayı getdikcə azalır. Təəssüflər olsun ki, bu gün bəzi əliəyri və vicdanı natəmiz adamlar hələ də MN sistemində qalır və onlar altdan olsa da öz çirkin niyyətlərini həyata keçirirlər. İnanmaq istərdik ki, yaxın vaxtlarda MN-də daha da ciddi və sərt tədbirlərə əl atmaqla bir sıra kadr islahatları həyata keçiriləcək. Bunlar olmasa, hesab edirəm ki, bu 1 il ərzində görülən çoxsaylı yaxşı işlərə böyük bir kölgə salınmış olacaq. Hər halda, necə deyərlər bizdən demək, cənab müdafiə nazirindən isə dediklərimizə öz bildiyi kimi qiymət vermək qalır. 

Sonda isə, onu qeyd etmək istərdim ki, yaxın bir neçə gündə, müdafiə naziri təyin olduğu müddətdə general-polkovnik Zakir Həsənovun fəaliyyəti ilə bağlı çox geniş bir məcmuəni yekunlaşdırıb. Sizin diqqətinizə çatdıracağıq. Həmin icmalda siz indiyə kimi görülmüş bütün müsbət işlərlə yanaşı, buraxılan səhvlərdən və nöqsanlardan da xəbərdar olacaqsınız. 
Bizə güclü, hərtərəfli hazırlıqlı Silahlı Qüvvələr lazımdır.

Bu istiqamətdə kifayət qədər işlər görülüb və bu proses davam etdirilir. İctimaiyyət nümayəndələri olaraq, Qarabağ savaşının birbaşa iştrakçıları kimi biz də əlimizdən gələni edəcəyik ki, torpaqlarımızın yağı düşməndən azad olunması üçün yuxarı komandanlığa həm mənəvi, həm də fiziki dəstək olaq.

Azərbaycan Silahlı Qüvvələrinə işlərində böyük uğurlar arzusu ilə hər zaman yardımçı olacağımızı bir daha diqqətinizə çatdırırıq”

Digər xəbərlər
SON XƏBƏRLƏR